Osman Sarıvəllinin 110 illiyi qeyd olunub

 

Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin, Yazıcılar Birliyinin Qazax zona filialının birgə təşəbbüsü ilə tanınmış şair Osman Sarıvəllinin 110 illik yubileyi ilə əlaqədar mərasim keçirilib.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova açaraq dövlətmizin sənət və elm adamlarına göstərdiyi qayğıdan danışıb. Şair, Əməkdar incəsənət xadimi Barat Vüsal, Mustafa Rasimoğlu, şairin doğma kəndindən olan müəllim və şagirdlər onun haqqında xatirələrini bölüşüblər. Aşıqlardan Camoy Qurbanov, Samir Allahverdiyev, Məhəmməd Qocayev, Fariz Kəmərli, Elvin Cəfərov və başqaları şairin şeirlərini sazla ifa ediblər. Sonda şairin bacısı oğlu Qəhrəman Binnətov tədbir iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib.

* * *

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanası 34 saylı tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Osman Sarıvəllinin 110 illik yubileyi ilə əlaqədar “Nəsillərə yadigar söz xəzinəsi” adlı ədəbiyyat saatı keçirib.

Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elmira Həsənova şairin həyat və yaradıcılığından söhbət açıb, poeziyasının məziyyətlərindən bəhs ediblər. Bildirilib ki, Osman Sarıvəlli canlı xalq dilini dəyərləndirən bir şair kimi yaddaşlarda qalıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri onun yaradıcılığının mənəvi qidasına çevrilmişdi.

Məktəbin 6 C sinif şagirdləri şairin poeziyasından nümunələr söyləyiblər. Osman Sarıvəllinin öz səsi ilə lentə alınmış şeirləri səsləndirilib, “Hər kim yüz il yaşamasa” sənədli filmi nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 11.