Moskvada xalq yaradıcılığı dekadası

 

Tədbir çərçivəsində “Azərbaycanda xalq yaradıcılığının dəstəklənməsi” mövzusunda təqdimat keçirilib

 

Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin 100 illik yubileyi çərçivəsində 11-13 dekabrda Moskvada xalq yaradıcılığı dekadası keçirilib.

 

Xalq sənətlərinin inkişafı məsələlərinə həsr edilən “100 illik yaradıcılıq” adlı beynəlxalq konfransa 10-dan çox ölkədən nümayəndələr qatılıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib.

Sektor müdiri “Azərbaycanda xalq yaradıcılığının dəstəklənməsi” mövzusunda təqdimat-məruzə ilə çıxış edərək, məsələnin müxtəlif aspektlərinə toxunub. Məruzədə Azərbaycanda xalq yaradıcılığının milli və beynəlxalq hüquqi, elmi-metodiki təminatı, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri, respublikanın klub müəssisələri bazasında mədəniyyət mərkəzləri və onların filiallarının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi barədə məlumat əksini tapıb. Eyni zamanda xalq yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunan ənənəvi Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Aşıq Festivalı, müxtəlif regionlarda keçirilən tədbirlər - Masallıda folklor, Qubada alma, Qəbələdə mürəbbə, Qaxda milli mətbəx, Göyçayda nar festivalları, “Doğma diyarmilli azlıqların yaradıcılıq festivalı, müsabiqə, konsert, sərgi və s. haqqında məlumat verilib.

Təqdimatda Mədəniyyət və Turizm NazirliyininXalq yaradıcılığı paytaxtları” proqramından, Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti, tar ifaçılığı və sənətkarlığı, kəlağayı sənəti və rəmzləri, Lahıc misgərlik sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən - Qarabağ atüstü oyun ənənəsinin təşkilatın təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə əlaqədar müvafiq fəaliyyət planlarının icrasından bəhs edilib.

Azərbaycan nümayəndəsinin çıxışı maraqla qarşılanıb və Azərbaycanda xalq yaradıcılığının və qeyri-maddi mədəni irsin qorunması istiqamətində atılan addımlar nümunə kimi qeyd olunub.

 

Mədəniyyət.- 2015.-  18 dekabr.- S. 5.