Dünyaya səs salan yarış

Bişkekdən Kölnə qədər “Türkvizyon” həyəcanı

 

Türk dünyasının gənc istedadların ortaya çıxmasına töhfələr verən Türk Musiqi Birliyi (TMB) televiziya kanalının “Türkvizyon” layihəsi üçüncü dəfə İstanbulda gerçəkləşdi. TÜRKSOY təşkilatı, “Türkcell”, “Türk Hava Yolları” şirkətləri və Yedditəpə Universitetinin dəstək verdiyi mahnı yarışmasının finalı dekabrın 19-da Küçükçəkməcə Yəhya Kamal Bayatlı salonunda keçirildi.

 

Yarışmaya türkdilli respublikaları və türklərin yaşadıqları ölkələrdən (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Almaniya, BosniyaHerseqovina, Bolqarıstan, Gürcüstan, İran, Albaniya, Moldova (Qaqauz Yeri), Rumıniya, Ukrayna, Belarus, Makedoniya, Kosovo, Serbiyanın Sancaq bölgəsi, Suriya Bayırbucak türkmənləri, İraq türkmənləri) 21 təmsilçi qatılmışdı.

Proqrama türkdilli xalqların mifologiyasında önəmli yer tutanTovuzquşu” (“Anka quşu”) rəqsi ilə start verildi. Möhtəşəm rəqs nümayişi tamaşaçıları və qonaqları əsl şölən havasına köklədi.

Açılış nitqi ilə çıxış edən Küçükçəkməcə bələdiyyəsinin sədri Temel Karadeniz türk dünyasını bir araya gətirən tədbirə ev sahibliyi etməkdən qürur duyduqlarını dilə gətirdi: “Türk dünyasının səsini bütün dünyaya duyurmağa çalışacağıq. Türk dünyasının söz, əməl və güc birliyi hər yerə yayılmalıdır. Bütün iştirakçılara uğurlar arzu edirəm”.

Türk Musiqi Birliyi (TMB) telekanalının baş koordinatoru İslam Bağırov layihənin əhəmiyyətindən bəhs etdi: “Bu müsabiqə vasitəsilə göstərmək istəyirik ki, türk xalqlarının mədəniyyəti inkişaf edirdünya mədəniyyətinin öncül sıralarında yer alır. “Türkvizyon” artıq ənənəvi bir müsabiqəyə çevrilir. Bu il ilk dəfə 8-14 yaş arasında “Bala Türkvizyon” yarışması da keçirildi”.

TÜRKSOY baş katibinin müavini Fırat PurtaşTürkvizyon” mahnı yarışmasının üçüncüsünün Avropa və Asiyanın kəsişmə nöqtəsində - İstanbulda gerçəkləşməsinin əlamətdar hadisə olduğunu vurğuladı: “Bizöz növbəmizdə Türk dünyasının UNESCO-su, türk xalqlarının mədəni ortaqlığı, beynəlxalq qurum olaraq bu layihəyə dəstək olduq. TMB də bu mənada öncüllük etdi. İnanıram ki, bu dostluq, bu həyəcan artaraq davam edəcək”.

Sonra səhnəyə dəvət edilən Azərbaycanın millət vəkili Qənirə Paşayeva türk dövlət və toplumlarını salamladı. Bildirdi ki, türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməli, bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər önəmli olduğunu daha çox anlatmalıyıq.

Yarışmanın münsiflər heyətində təmsil olunan müxtəlif ölkə nümayəndələri də çıxış etdilər. Azərbaycandan bəstəkar İsa Məlikov “bu yarışmada ifaçılara verilən qiymət hər zaman obyektiv olub və əminəm ki, bu dəfə də elə olacaq”,- dedi.

Nəhayət, coşqu və əyləncə dolu yarışmaya start verildi. Aparıcılar Vatan ŞaşmazOylum Talu təmsilçiləri bir-bir səhnəyə dəvət etdi. Gözəl səhnə perfomansları ilə müşayiət olunan rəngarəng ifalar bir-birini əvəz etdikcə müxtəlif ölkələrdən gələn tamaşaçılar da öz təmsilçilərini alqış seli ilə qarşılayırdılar.

Suriyanın Bayırbucak türkmənlərini təmsil edən Adil Şanın söylədiyi “Diriliş” (“Diriliş Ərtoğrul” filminin musiqisi əsasında) mahnısı böyük alqış qazandı və “Jürinin xüsusi simpatiya ödülü qazandı. Azərbaycanı təmsil edən Mehman Tağıyev sözləri millət vəkili Qənirə Paşayevaya, bəstəsi Elza Seyidcahana məxsus olanİstanbul” mahnısını ifa etdizalda böyük coşquya səbəb oldu. Yarışmada Türkiyəni “Hırçın sular” mahnısı ilə Görkem Yılmaz təmsil edirdi. Maraqlı ifalardan olan Almaniya təmsilçisi Derya Kaptanın səsləndirdiyi türk mahnısı da alqışlarla qarşılandı.

İfalar bitdikdən sonra səhnəyə “Türkvizyon” finalının qonaq sənətçisi Burak Kut çıxdı. O, yeni albomundanKalbine sor” mahnısını ilk dəfə səsləndirdi. Fəxri qonaqlar sırasında olan, ötən il Kazanda baş tutan yarışmanın qalibi Janar Duqalov da gecəyə öz mahnı töhfəsini verdi.

Sonra yarışmanın həyəcanlı anları başladı. Münsiflər heyətinin verdiyi ballara əsasən «Türkvizyon-2015»in qalibi Qırğızıstan təmsilçisi Jiydeş İdirisova (194 bal) oldu. İkinci yeri Qazaxıstanın “Ordaqrupuüçüncü yeri isə Türkiyə təmsilçisi Görkem Yılmaz qazandı. Azərbaycanı təmsil edən Mehman Tağıyev yeddinci oldu.

Tədbirin sonunda iştirakçılar səhnədə təkrar bir araya gələrək mahnı sədaları altında ölkələrinin bayraqlarını qaldırdılar. Türkdilli ölkələri, Yaxın Şərq və Avropa ölkələrini də bir səhnəyə toplayan musiqi şöləni dünyaya bərabərlik, birliksülh mesajını verdi.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 12.