55 illik ənənələr

 

Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı və Zığ qəsəbə Mədəniyyət evinin indiki binada fəaliyyət göstərmələrinin 55 illik yubileyi münasibətilə tədbir keçirilib.

Çıxış edənlər hər iki kollektivə xoş arzularını çatdırıblar. Qeyd olunub ki, 1940-cı ildə fəaliyyətə başlayan kitabxana 1960-cı ildə inşa edilmiş indiki binaya köçürülüb. 2014-cü ildə burada əsaslı təmir işləri aparılıb və 2015-ci ilin aprelində açılışı keçirilib. Kitabxana 4 otaqdan ibarətdir. Burada Azərbaycan və rus şöbələri fəaliyyət göstərir.

Kitabxananın keçirdiyi bütün tədbirlərdə 65 və 317 saylı orta məktəblərin şagird və müəllim kollektivi yaxından iştirak edir. Həmçinin kitabxananın əməkdaşları tərəfindən məktəblərdə tez-tez görüşlər keçirilir.

Kitabxanada ilkin tibbi yardım, biçmə və tikmə, qadın bərbəri, toxuculuq, kompüter və rəqs kursları təşkil edilib.

Tədbirin sonunda kitabxananın və mədəniyyət evinin fəal üzvlərinin ifasında şeirlər, mahnılar, səsləndirilib, rəqslər nümayiş etdirilib.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 6.