Xalq sənətkarlarının respublika sərgisi

 

Dekabrın 22-də Muzey Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuşXalq sənətkarlarının respublika interaktiv sərgisi”nin açılışı keçirildi.

 

Tədbiri Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev açaraq bildirdi ki, hər il olduğu kimi, bu il də qarşıdan gələn əlamətdar gün münasibətilə istedadlı xalq sənətkarlarının aşkar edilməsi, tanıdılması, onların nümunəvi əl işlərinin təbliğ edilməsi məqsədilə sərgi təşkil edilib.

Sərgidə Bakıdan, habelə respublikanın 40-dan artıq şəhər və rayonundan 200 nəfər müəllifin-rəssamın 700 əsəri yer alıb.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov bildirdi ki, milli dəyərlərimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının borcudur: “Ulu öndər Heydər Əliyevin çox gözəl bir kəlamı var: Bizim hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini, mənəvi dəyərlərini unutmamalıdır. Qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Bu müdrik sözlər hər birimizdə güclü hisslər yaradır. Sərgilənən əsərlərə baxarkən fərəh hissi keçirməmək olmur”.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, Əməkdar incəsənət xadimi Kübra Əliyeva, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək xalq sənətkarlarının aşkar edilməsi, tanıdılması və nümunəvi əl işlərinin təbliğ olunmasının əhəmiyyətindən danışdılar.

Çıxışlardan sonra rəssamlardan Oqtay Həşimov, Vüqar Rəsulzadə, Kəmalə Cabbarova və başqalarına dəyərli əl işlərinə görə diplomlar təqdim olundu.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 4.

 

Savalan Fərəcov