Gəncə teatrının “Dəli yığıncağı” Bakı səhnəsində

 

Hər qastrol teatr kollektivi üçün hadisə, sənət bayramıdır. Nümayiş uğurlu olub layiqli alqış payını alanda isə bayram sözü tam yerinə düşür.

 

Xəbər verdiyimiz kimi, Gəncə Dövlət Dram Teatrının truppası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dekabrın 15-də S.Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında eyniadlı tamaşanı nümayiş etdirdi. Klassikbir o qədər də ağır mətləbli əsərə rejissorun müasir yozumu, kollektivin oyun üslubu və tamaşaçı ilə harmoniyası maraqlı səhnələrlə yadda qaldı.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov bizimlə söhbətində bu səfərə çoxdan hazırlaşdıqlarını dedi: “Gənc, istedadlı baş rejissorumuz İradə Gözəlovanın quruluş verdiyi əsər dramaturgiyamızın seçkin nümunələrdəndir. Teatr mövsümünün açılışında nümayiş olunan və hər kəs tərəfindən yüksək səviyyədə qəbul olunan tamaşanın Bakı səhnəsində təqdimi bizim üçün əhəmiyyətli hadisədir. Xarici qastrollarla yanaşı, ölkədaxili səfərlər də çox önəmlidir”.

Son 4 ildə teatrın 8 dəfə xarici ölkələrdə festivallara qatıldığını deyən direktor Türkiyə və Ukraynada daha üç festivala dəvət aldıqlarını bildirdi.

Tamaşanın quruluş müəllifi İradə Gözəlova da Bakıya qastrolu həyəcanla gözlədiklərini diqqətə çatdırdı: “Bu əsəri səhnəmizə ilk dəfə böyük rejissor Mehdi Məmmədov gətirib və monumental bir tamaşa hazırlayıb. Mehdi müəllimdən sonra bu əsərə quruluş vermək böyük məsuliyyət idi. Amma mənim böyük Mirzə Cəlil sevgim əlimdən tutdu desəm, yanılmaram. Əsər çox mürəkkəb olsa da, mövzu baxımdan insanı çox sarsıdır və düşündürür. Hələ premyeradan tamaşaçıların reaksiyasından çox nigaran idim, necə qəbul edəcəklərini bilmirdim. Amma şükürlər olsun ki, yaxşı rəylər söylənildi. İnanıram ki, bizi izləməyə gələn istər dəyərli teatr ictimaiyyəti, istərsə də sadə teatrsevərlər tamaşaya layiqli qiyməti verəcəklər”.

Qarşıdakı ilin repertuar planına da toxunan baş rejissor klassik nümunələrə xüsusi yer verdiklərini dedi: “Yeni il üçün Gəncə Dövlət Dram Teatrının yaradıcılıq planları çoxdur. Eləcə də özüm çoxdan bəri arzusunda olduğum daha bir klassik əsərə - Hüseyn Cavidinİblis” faciəsinə quruluş verəcəyəm”.

Tamaşada Pırpız Sona rolunda çıxış edən Xalq artisti Pərvanə Qurbanova böyük sənətkar Şəfiqə Məmmədovadan sonra bu rolu oynamağın onu xüsusilə xoşbəxt etdiyini dedi: “Paytaxt tamaşaçıları qarşısında hər çıxış maraqlı və həyəcanlıdır. Təxminən üç il öncə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib böyük alqış payı aldıq. İnanıram ki, bu çıxışımızı da bəyənəcəklər. Ümumiyyətlə, paytaxtın tamaşaçıları fərqlidir və onların qarşısında çıxış başqa duyğular bəxş edir. Arzu edirəm ki, mənim yaratdığım Pırpız Sona qəbul edilib sevilsin. Çünki mən bu rola ayrı bir sevgi və məsuliyyətlə hazırlaşmışam”.

Səhnə əsərində tərcüməçi rolunu canlandıran gənc aktyor Vasif Vəsfinur da həyəcanını gizlətmədi: “Obrazımda maraqlı nüanslar varonu əsərin real ağrılarından çıxış edərək çatdırmaq elə də asan deyil. Adi obraz olsa da, mən burada daha çox tərcüməçisi olduğum ingilis həkimin fikrini dəyişməliyəm. Bu xüsusda oyun manerası və rejissor tələbi baxımından çoxşaxəli roldur. Əsərin məsuliyyəti həyəcanı artırsa da, ustad sənətkarlarla bir səhnədə olmaq həm də ayrı bir zövq verir”.

Hacı Nayib obrazında çıxış edən Əməkdar artist Faiq Qasımov 40 ildən artıq səhnə fəaliyyətində müxtəlif səhnələrdə rollarda oynadığını və hər səfərin onlar üçün ayrı bir bayram, həyəcan yaşatdığını deyir. Rejissorun dəst-xəttinə bələd olmaqla klassikanı modern üslubda təqdim edən nümunədə rol almaqdan məmnundur.

Tamaşada Doktor Lalbyuzu oynayan Əməkdar artist İlham Hüseynov isə rejissorun daha çox vurğuladığı obrazı ifadədə əslində bir çox mətləblərin ayırd olunduğunu bildirir: “Mənim üçün məsuliyyətli gündür. Çünki tamaşaçılar arasında daha çox teatr biliciləri var. Tamaşada canlandırdığım obrazı rejissor ağırlaşdırıb və əsas yükü mənim üzərimə salıb. Amma hər halda çətin və məsuliyyətli roldur və çalışıram o mənəvi yükü tamaşaçı aydın sezə bilsin”.

Paytaxt teatrlarının rejissor və aktyorlarının, teatrşünasların da yer aldığı tamaşaçı zalı dolu idi. Budur, pərdə qalxır və əsərin qəhrəmanları səhnədə göründü. Beləcə, Mirzə Cəlilin ağrı dolu həqiqətlər sıralaması olan “Dəli yığıncağı”nın müasir yozumlu səhnə nümayişinə şahid olduq.

Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə Mustafayeva olan tamaşa insan faktoru, ona ətrafına münasibəti, yaranmışın Yaradan haqqında yanlış təsəvvürləri və onun başqaları tərəfindən necə qarşılanması barədə miskin həqiqətləri çılpaqlığı ilə göstərdi.

Əsas mövzusu bir insanın əsl həqiqəti görüb anlaması olan tamaşada bizim çox vaxt layiqincə dəyərləndirmədiyimiz mədəniyyətimizə, musiqimizə başqa bir millətin nümayəndəsinin baxışı qabardılır. Səhnə əsərində Amerikadan mövhumatçı müsəlmanlar yaşayan ucqar bir kəndə gələn həkimin islam dinini qəbul etməsi və bunun yerli mövhumatçıları sarsıtması maraqlı bir yozumla təqdim olunur və nə qədər qəribə olsa da, rejissor məhz o əcnəbi sayəsində əsl islam dəyərlərini anlatmağa çalışır.

Ağır quruluşlu və mətn yüklü tamaşada komik elementlər, sarkazm çox olsa da, sonluq elə də effektli alınmadı. Ən azı Mirzə Cəlilin islam anlayışı barədə yanğısı özünün final təntənəsini yaşamadı. Bununla belə, tamaşa ümumən yaddaqalan oldu. Rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov, həmçinin gənc aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və başqaları ifa edirdi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 11.