Fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub

 

Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

 

Fondun icraçı direktoru Vüqar Səfərli başa çatmaqda olan 2015-ci ilin ölkə mediası üçün əlamətdar hadisələrlə yadda qaldığını, milli mətbuatın 140 illik yubileyinin geniş şəkildə qeyd edildiyini, ölkə başçısının sərəncamları ilə jurnalistlərin təltif edildiyini diqqətə çatdırıb.

Fondun təşkil etdiyi yazı müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətini qeyd edən Vüqar Səfərli bildirib ki, 2009-2015-ci illərdə keçirilmiş müsabiqələrin qaliblərinin yazıları kitab şəklində nəşr olunub. "Sözün zirvəsində" adlı kitaba ən yaxşı 100 yazı daxil edilibbu ənənə qarşıdakı illərdə davam etdiriləcək.

Qeyd olunub ki, noyabrın 13-dən dekabrın 15-dək keçirilən budəfəki müsabiqəyə 19 istiqamət üzrə 60 kütləvi informasiya vasitəsindən 156 yazı təqdim edilib. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib və ümumilikdə 113 nəfər jurnalist (bir 1-ci, iki 2-ci, üç 3-cü yer) qalib elan edilib.

Ekspertlərdən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və digər çıxış edənlər yazılarla bağlı fikirlərini, tövsiyələrini bildiriblər.

Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşları Tahir Abbaslı və Vüqar Əliyev də var.

Fondun nəşr etdirdiyi "Sözün zirvəsində" kitabı tədbir iştirakçılarına təqdim edilib. Məlumat verilib ki, 1500 tirajla çap olunan kitabın nüsxələri müxtəlif kitabxanalara, təşkilat və qurumlara da hədiyyə olunacaq.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 6.