Yeni il proqramları başlandı

 

Xəbər verdiyimiz kimi, teatr-konsert müəssisələri ənənəvi olaraq bu ilYeni il münasibətilə uşaqlar üçün rəngarəng bayram proqramları, tamaşalar hazırlayıblar.

Dekabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrı Yeni il şənliklərinə start verib. Şənliklərin yanvarın 6-dək hər gün dörd seansda davam etməsi nəzərdə tutulur. Tamaşaçıları sürprizlərlə zəngin bayram şousu gözləyir.

Dekabrın 25-dən Bakı Dövlət Sirkində “Klounların qış paradı” adlı yeni proqramın nümayişi başlanacaq. Proqramın özəlliyi ondadır ki, ilk dəfə olaraq bütün nömrələr klounlar tərəfindən nümayiş etdiriləcək.

Dekabrın 26-da Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il karnavalına start veriləcək. Gənc yazar Pərvin Nurəliyevanın qələmə aldığı “Mauqlipyesi əsasında hazırlanan “Mauqlinin Yeni ili” tamaşası yanvarın 5-dək uşaqlara təqdim olunacaq.

Dövlət Akademik Milli Dram Teatrı da dekabrın 26-dan yanvarın 5-dək “Nağıllar aləmində” adlı maraqlı tamaşa ilə uşaqları sevindirməyə çalışacaq.

26, 27, 28 dekabrda S.Vurğun adına Rus Dram Teatrının səhnəsində "Fiksi şou" tamaşası göstəriləcək.

Dekabrın 27-də Heydər Əliyev Sarayı “Barboskinlərdə Yeni il” tamaşasını təqdim edəcək. Saray balaca tamaşaçıları 2, 3 və 4 yanvar tarixində "Nağıl qəhrəmanlarının səyahəti"nə dəvət edir.

Bölgə teatrları da Yeni il münasibətilə maraqlı proqramlar hazırlayıblar. 24 dekabrdan Qusar Dövlət Ləzgi Dram Teatrında “Qış nağılı” adlı proqramın nümayişi başlanıb. Teatrın kollektivi əyləncəli proqramı qış tətili dövründə də məktəblilərə təqdim etməyi nəzərdə tutub.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 6.