Azərbaycan dünya irsinə və mədəniyyətlərarası dialoqa töhfələr verir

 

Lahıc misgərlik sənətinin UNESCO-nun siyahısına daxil edilməsi və gələn il Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı təqdimat

 

Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Lahıc misgərlik sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və 2016-cı ilin 25-27 aprelində Bakının ev sahibliyi edəcəyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin təqdimatı ilə bağlı mərasim keçirildi.

 

Tədbirdən əvvəl mərkəzin foyesində Qədim Musiqi Alətləri Ansamblının ifasında musiqilər səsləndirildi, UNESCO və İSESCO-nun xətti ilə ölkəmizdə keçirilən tədbirlər barədə məlumatları əks etdirən stendlər və misgərlik sənəti nümunələri nümayiş etdirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalqının qədim mədəni irsinin tanıdılması və təbliği istiqamətində görülən işlərdən danışdı. Vurğulandı ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə hər zaman xüsusi diqqət göstərilir.

Qeyd olundu ki, bu il dekabrın 1-də Azərbaycanın qeyri-maddi mədəni irsinin daha bir nümunəsinin - Lahıc misgərlik sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi də dövlətimizin bu sahəyə diqqət və qayğısının, aparılan məqsədyönlü işlərin nəticəsidir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər əlaqədar qurumların iştirakı ilə hazırlanan “Lahıc misgərlik sənəti” faylı “Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiya”nın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi namizədlik faylı kimi UNESCO-nun siyahısına salındı: “Bununla da muğam, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənəti kimi mədəniyyət nümunələrimizlə bərabər Lahıc misgərlik sənəti də bəşəriyyətə məxsus siyahıda yer aldı”.

Əbülfəs Qarayev diqqətə çatdırdı ki, bu prosesləri uğurla həyata keçirmək üçün bir çox amillər lazımdır. Bunlardan bir də beynəlxalq aləmdə ölkəmizin nüfuza sahib olmasıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyəti nəticəsində buna nail olmuşuq.

Tədbirin ikinci mövzusu barədə danışan nazir bildirdi ki, 2016-cı ilin 25-27 aprelində paytaxtımızda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək: “Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. İnanırıq ki, bu tədbiri də uğurla keçirməklə ölkəmizin mövqeyini daha da möhkəmləndirəcəyik”.

Sonra misgərlik sənətinin vətəni olan Lahıcla bağlı film nümayiş etdirildi.

Daha sonra BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinininternet səhifəsinin təqdimatı oldu.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə loqotipinternet səhifəsi haqqında ətraflı məlumat verdi.

Bildirdi ki, Sivilizasiyalar Alyansının ölkəmizdə keçiriləcək 7-ci Qlobal Forumunun rəsmi saytında tədbir, iştirakçı ölkələr, sessiyalar, həmçinin saytın “Discovery Azerbaijan” bölümündə ölkəmiz haqqında geniş məlumatlar yer alır. Forumun loqosunda Bakı şəhərinin simvolu olan Qız qalası əks olunub.

Sonda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbir konsert proqramı ilə davam etdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 5.