“Baburnamə” miniatürləri kolleksiyası ilk dəfə Bakıda sərgilənir

 

Dekabrın 26-da Heydər Əliyev Mərkəzində “Baburnamə” miniatürlərindən ibarət sərgi açılıb.

 

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin Rusiyanın Dövlət Şərq Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu deyib. O, layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib.

Rusiyanın Dövlət Şərq Muzeyinin baş direktoru Aleksandr Sedov sərgi haqqında məlumat verib. Bildirib ki, “Baburnamə” əsərinə çəkilmiş 57 miniatür nümayiş etdirilir: “Bu kolleksiya bütünlükdə ilk dəfə Rusiyadan kənarda təqdim olunur. Çox şadam ki, dünyada ilk dəfə bu kolleksiyanı nümayiş etdirmək imkanı Bakıda yaranıb. Mən Şərqə çox səyahət etmişəm və Bakı son 2-3 ildə mənim sevimli şəhərlərimdən olub. Məlumdur ki, Şərq miniatür məktəbi - Təbriz məktəbi və ya Azərbaycan məktəbi dünyada aparıcı olubbu gün də məşhurdur. Düşünürəm ki, o dövrə aid təqdim edilən “Baburnamə” sərgisi də sizin üçün maraqlı olacaq”.

Məlumat verilib ki, Böyük Moğol imperiyasının banisi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) yazdığı “Baburnamə” türkislam ədəbiyyatında memuar janrında ilk əsərdir. Müəllif burada öz həyatını qələmə alıb, Mərkəzi Asiya, Əfqanıstan və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.

“Baburnamə” 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib. Avropa alimləri bu memuarla XIX əsrin əvvəllərində tanış olublar. 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə fransız dilinə tərcümə edilib.

Heydər Əliyev Mərkəzində nümayiş olunan miniatürlərin XVI əsrin sonunda Baburun nəvəsi Əkbər şahın Aqraya Lahor şəhərlərindəki emalatxanalarında yaradıldığı bildirilir.

Bəzi şifahi məlumatlara görə, həmin miniatürləri rus mesenat Aleksey Morozov 1906-cı ildə Nijni-Novqorodda yarmarkada fars tacirlərindən alıb, daha sonra isə onlar Şərq incəsənət abidələrinin kolleksiyaçısı Pyotr Şukinə keçib. Hazırda həmin miniatürlər Moskvada Dövlət Şərq Muzeyində qorunur. Ümumilikdə 57 vərəqdən ibarət kolleksiya ilk dəfə 1960-cı ildə albom-kataloq şəklində nəşr edilib.

Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar.

Sərgi 2016-cı il fevralın 3-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 8.