Yusif Səmədoğlunun xatirəsi anılıb

 

Dekabrın 26-da Səməd Vurğunun ev-muzeyində Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyinə həsr edilmiş anma mərasimi keçirilib.

İştirakçılar əvvəlcə Y.Səmədoğlunun həyatının müxtəlif anlarını əks etdirən videoçarxa baxıblar. Muzeyin direktoru Nüşabə Vəkilova-Babayeva yazıçının həyat və fəaliyyətindən söhbət açıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, birliyin katibi, Xalq şairi Fikrət Qoca, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları Y.Səmədoğlunun görkəmli ədib, unudulmaz bir dost kimi yüksək mənəvi keyfiyyətlərindən söhbət açıblar. Şairlər Ramiz Rövşən, Oqtay Rza mərhuma həsr etdikləri şeirlərini oxuyublar.

Səməd Vurğun ocağının davamçısı, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov pianoda tarın müşayiəti ilə Y.Səmədoğlunun sevdiyi “Bayatı-Şiraz” muğamını səsləndirib.

Sonda N.Vəkilova-Babayeva tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 5.