Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə yekun vurub

İdarənin yeni rəisi kollektivə təqdim olunub, festival və müsabiqələrin qalibləri mükafatlandırılıb

 

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin ilin yekunlarına həsr olunmuş iclası keçirildi.

 

Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edilən Vüqar Zeynalovu kollektivə təqdim etdi, ona yeni işində uğurlar arzuladı.

Qeyd edək ki, Vüqar Zeynalov bu vəzifəyə Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən təyin olunub. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş mütəxəssisi, "Akademiya" kitab mərkəzinin direktoru, Milli İncəsənət Muzeyinin şöbə müdiri, direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzinin direktoru vəzifələrində çalışıb. 2012-ci ildən son təyinatadək Vüqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru işləyib.

Nazir həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sabiq müdiri Əlikram Əliyevə də gələcək işlərində uğurlar arzulayaraq bildirdi ki, Əlikram Əliyev yenə də bizim sıralarımızda olacaq.

İclasda Əlikram Əliyev idarə tərəfindən ilboyu görülən işlər haqqında məlumat verdi, keçirilən tədbirlərdən, paytaxtdakı muzey, kitabxanamusiqi məktəblərinin fəaliyyətindən danışdı, əldə olunan nailiyyətlərə, görülən bütün işlərə görə kollektivlərə minnətdarlığını bildirdi.

Sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi “2015-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsi, Bakı şəhər musiqi kollektivlərinin festivalı və Azərbaycan milli mətbuatının 140 illiyinə həsr edilmişMilli mədəniyyətimizin təməli” mövzusunda məqalə müsabiqəsinin yekunları elan edildi, mükafatdiplomlar təqdim edildi. “Milli mədəniyyətimizin təməli” mövzusunda müsabiqədə təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Lalə Azəri də var.

Tədbir bayram konserti ilə davam etdi.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 5.