Qızıl pəri mükafatının qalibləri məlum olub

 

Professional Kinorejissorlar Gildiyası tərəfindən Aktyorlar və Prodüserlər gildiyalarının dəstəyi ilə təsis edilən Qızıl pəri mükafatının ilk qalibləri məlum olub. Mükafat audiovizual sahənin (kinotv) inkişafına kömək, bu sahədə çalışan peşəkarları həvəsləndirmək məqsədilə təsis edilib.

Mükafatın təşkilat komitəsindən bildirilib ki, ilk müsabiqə 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilib. Qalibləri peşəkarlardan ibarət münsiflər heyəti müəyyənləşdirib.

Dekabrın 28-də dünya kinosunun 120 illiyi münasibətilə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər 15-dən çox nominasiya üzrə mükafatlandırılıb.

Münsiflər heyətinin seçiminə əsasən, Nabat ən yaxşı bədii film, Elxan Cəfərov ən yaxşı rejissor işi, Müşfiq Hətəmov ən yaxşı prodüser, Yavər Rzayev ən yaxşı orijinal ssenari, Nadir Mehdiyev ən yaxşı operator işi, Rafiz İsmayılov ən yaxşı rəssam işi, Cavanşir Quliyev ən yaxşı orijinal musiqi, Gülzar Qurbanova ən yaxşı qadın rolunun ifaçısı, Fuad PoladovNamiq Ağayev ən yaxşı kişi rolunun ifası nominasiyalarında Qızıl pəri mükafatına layiq görülüblər.

Axınla aşağı ən yaxşı debüt filmi (tammetrajlı), Zabit şərəfi ən yaxşı qısametrajlı bədii film, Əriyən ada ən yaxşı sənədli film, Nizami Abbas ən yaxşı rejissor işi (sənədli filmdə), Köhnə saat ən yaxşı cizgi filmi, Unudulmuş qəhrəman ən yaxşı televiziya filmi, Pərvanələrin rəqsi ən yaxşı TV serialUsta Yusifin kamançası ən yaxşı debüt seçilərək mükafatlandırılıb.

Milli kinonun inkişafına verdiyi töhfələrə görə Zaur Məhərrəmova və Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə Ramiz Həsənoğluna mükafat təqdim edilib.

Münsiflər heyətinin qərarı ilə Buqələmun filminin prodüseri İradə Bağırzadə müstəqil kinonun inkişafında fəaliyyətinə görə, Gəncənin Kəpəz televiziyasının Difai filmi isə tarixin qaranlıq məqamlarının aşkarlanmasına görə xüsusi diploma layiq görülüblər.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 5.