Rusiya kitabxanasında Azərbaycan Milli Kitabxanasının virtual oxu zalı yaradılacaq

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və informasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Elçin Musayev M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında olublar.

Kitabxanadan bildirilib ki, görüşdə əsas məqsəd ikitərəfli əlaqələrin qurulması və Rusiya kitabxanasında Azərbaycan Milli Kitabxanasının virtual oxu zalının açılması məsələsinin müzakirəsi olub.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Vadim Duda qarşılıqlı əməkdaşlığın onlar üçün də maraqlı olduğunu qeyd edib. O, Azərbaycan Milli Kitabxanasının virtual oxu zalının təkcə bu kitabxanada deyil, gələcəkdə həmin kitabxananın Rusiyanın 20 iri şəhərində olan filiallarında da açılmasının mümkünlüyünü vurğulayıb.

Həmçinin hazırda 1,6 milyon tam mətni olan Rusiya elektron kitabxanasına gələcəkdə çıxışı təmin etmək məqsədilə Azərbaycan Milli Kitabxanasında da virtual oxu zalının açılması təklif edilib. Milli Kitabxananın direktoru bu təklifi müsbət qarşıladıqlarını bildirib.

Görüşün sonunda Azərbaycan Milli Kitabxanası və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında müqavilə imzalanması, virtual oxu zalının açılması üçün texniki məsələlərin həllinə başlanılması qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 4.