Söz sənətindən ilmələrə

 

Orta əsrlərdə ədəbi nümunələr miniatür sənəti və xalçaçılıq üçün mənbə rolunu oynayıb

 

Qədim ənənələrə malik miniatür Azərbaycan təsviri sənətində mühüm yer tutur. Əsasən illüstrasiya kimi formalaşan bu sənət klassik Şərq poeziyası ilə sıx əlaqədə inkişaf edib. Bədii əsərlər miniatür sənəti üçün tükənməz mənbə rolunu oynayıb. Mövzu ilə bağlı suallarımızı Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova cavablandırır.

 

- Xədicə xanım, əvvəlcə miniatür sənətinin xalçaçılığa təsirindən danışardınız.

- XIV əsrdən başlayaraq miniatür sənətinin xalçaçılığa, xüsusən də süjetli kompozisiyaların toxunmasına təsiri artır. Bu, Təbriz xalçaçılıq məktəbində daha geniş yayılır. Ustad rəssam Sultan Məhəmməd Şərq klassiklərinin əsərlərinə - dahi Nizami Gəncəvinin Xəmsəsinə, Əbülqasım Firdovsinin Şahnaməsinə, Hafiz Şirazinin Divanına xeyli sayda miniatür rəsmlər çəkir. Onun ayrı-ayrı mövzularda yaratdığı və dünyanın ən məşhur muzeylərində saxlanılan miniatürləri həm də bir çox bənzərsiz xalça nümunələrinin yaranmasına səbəb olur. Yüksək peşəkarlıqla toxunan belə xalçalara Milandakı Poldi Petsoli, Londondakı ViktoriyaAlbert, Nyu-Yorkdakı Metropoliten və digər dünya muzeylərdə rast gəlinir. Ümumiyyətlə, Şərq poeziyasının obrazlar aləmi, poetik zənginliyi xalça sənətkarlığında əhəmiyyətli yer tutub. Firdovsinin möhtəşəm qəhrəmanlıq epopeyası, Nizaminin məhəbbət lirikası, romantik, fəlsəfi-didaktik poemaları xalça ustalarını ülvi məhəbbəti tərənnüm edən misilsiz xalçalar yaratmağa ruhlandırıb. Təəssüf ki, FirdovsininNizaminin poemalarının motivləri əsasında toxunmuş ilk Azərbaycan süjetli-tematik xalçaları dövrümüzədək gəlib çatmayıb. Lakin belə xalçaların mövcudluğunu sübut edən XVI-XVII əsrlərə aid Kirman, Kaşan xalçalarını göstərmək olar. Hər iki xalçanın süjeti N.Gəncəvinin Leyli və Məcnun, XosrovŞirin poemalarından götürülüb. Paris Dekorativ Sənət Muzeyində qorunan XVI əsrə aid Kirman xalçasında bu poemalardan Şirin çimərkən Xosrovun onu seyr etməsi və Leylinin səhrada Məcnunla görüşü səhnələri xalçanın mərkəz oxu boyunca hər iki tərəfdən güzgü simmetriyası ilə təkrarlanır. Luvr Muzeyində saxlanılan XVII əsrə aid ipək Kaşan xalçasının künc ləçəklərində də Leylinin səhrada Məcnunla görüşü səhnəsi təsvir olunub. Mənbələrdə göstərilir ki, bu motivlərə eyni zamanda orta əsrlərin ipək parçalarında, keramika nümunələrində, xüsusən də miniatür rəssamlığında daha çox rast gəlinir.

Miniatür sənətində və xalçaçılıqda Nizami mövzularının, obrazlar aləminin populyar olması dahi söz ustadının ədəbiyyatı həyatla əlaqələndirməsi ilə bağlı olub. O, mövzularını tarixdən almasına baxmayaraq, onlara müasirlik baxımından yanaşıb, ideya-sənətkarlıq cəhətdən kamil bədii əsərlər yaradıb.

- Xalçaçılıqda saray üslubunun inkişafı necə baş verib?

- Səfəvilər dövləti üçün xarakterik olan saray üslubu Azərbaycanın digər bölgələrində də xalçaçılığın inkişafına təsir göstərib. Təbrizin ŞirvanQarabağla mədəni əlaqələrinin genişlənməsi şimal bölgələrində miniatür sənətinin və ədəbi mövzulu süjetli xalçanın inkişafına səbəb olub. Lakin bu nümunələr Təbriz xalçalarından fərqli olaraq saray rəssamlarının rəsmləri əsasında deyil, ənənəvi xalq sənətkarları tərəfindən ərsəyə gətirilib. Məlumdur ki, xalçaçılıq sənəti XIX əsrdə də müəyyən inkişaf mərhələsi keçib. Bu dövrdə xalçaçılar yenidən ənənəvi ədəbi mövzuobrazlara, Şərq poeziyasının klassik nümunələrinə müraciət ediblər. Orta əsrlərdə xalçaçılıq sənəti sarayla bağlı olduğuna görə xalçalarda ədəbi motivlərin işlənməsində incəlik, süjetlərdə estetik mahiyyət üstünlük təşkil edib. Ancaq XIX-XX əsrlərdə xalça ustalarının hadisələri real şəkildə təsvir etmək meyli, hislərin təbiiliyi və ülviliyi qabardılıb. Xalçaçılar arasında ənənəvi mövzuya çevrilən Leylinin səhrada Məcnunla görüşü motivi əsasında 1810 və 1913-cü illərdə Təbrizdə toxunan iki xalça buna bariz nümunədir. Bu gün Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan, 1810-cu ildə Təbrizdə toxunan xalçanın ara sahəsində zəngin libaslı Leylionun qolları üzərində Məcnun təsvir olunub. Arxa planda günəş əks olunub. Xalçada təsvir olunan çobanqoyun sürüsü, tülkü, ayı, xaltalı its. heyvanlar səhradan çox, Azərbaycan təbiətini xatırladır.

- Orta əsrlərin saray xalçaları və miniatürləri ilə sonrakı dövrlərin sənət inciləri arasında nə kimi fərqlər müşahidə olunur?

- Xalçalarda rast gəlinən digər mövzulardan biri də N.Gəncəvinin XosrovŞirin poemasından götürülən ayrı-ayrı səhnələrdir. Bu baxımdan orta əsrlər saray xalçaları və miniatürləri ilə sonrakı dövrlərdə bu mövzuda yaradılan sənət inciləri arasında fərqlər çox maraqlıdır. Orta əsrlərdə saray xalçalarında daha çox Xosrov şahın məhəbbəti, onun əyləncə səhnələri önə çəkilirdisə, sonrakı dövr nümunələrində xalqa daha yaxın olan Fərhadın faciəsi, qəhrəmanlığı və ölüm səhnəsi önə çəkilir. Buna misal olaraq Paris Dekorativ Sənət Muzeyində saxlanılan Şirin çimərkən Xosrovun onu seyr etməsi xalçasını və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan Fərhad və Şirin xalçasını göstərmək olar. Sirlər xəzinəsi, İsgəndərnamə poemalarının motivləri əsasında XX əsrin əvvəllərində toxunan Bəhram Gur ovda, Bəhram GurÇoban, Bəhram Gur və Fitnə ovda, İsgəndərin cadugərlərlə döyüşü xalçaları və görkəmli xalçaçı-rəssam Lətif Kərimovun Kazım Kazımzadə, Qəzənfər Xalıqov, Məmmədəli Şirinovla birgə yaratdığı Ədalətli Nuşirəvanla vəzirin söhbəti, Şirinin Bisutun dağına Fərhadın görüşünə getməsi, Məcnun vəhşi heyvanlar arasında, İsgəndər və Nüşabə xalçaları Nizaminin yaratdığı ölməz obrazların möhtəşəmliyini bir daha sübut edir.

Görkəmli xalça ustaları bu bənzərsiz örnəkləri yaradarkən təkcə əsərlərdən götürülən səhnələri deyil, həm də bu əsərləri yaradan söz sərraflarının təsvirlərini də xalça üzərinə köçürüblər. Bu da Azərbaycan xalça sənətkarlarının ədəbiyyata və təsviri sənətə verdikləri böyük dəyərdir.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 15.