Azərbaycan mətbəxi Özbəkistan mətbuatında

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Özbəkistanın kultura.uz saytında ölkəmizin mətbəx mədəniyyətindən bəhs edən “Azərbaycansayağı kulinariya lövhələri” adlı məqalə dərc olunub.

Müəllif Rimma Sabircanova yazır ki, hər bir ölkə əhalisinin psixologiyasının dərk olunması onun mətbəxi ilə tanışlıqdan keçir. O, Azərbaycan milli mətbəxinə ekskursiya etməklə bu diyarın təkrarolunmaz, ləziz, dadlı və ətirli yeməklərinə diqqət çəkir. Qeyd edir ki, azərbaycanlılar qonaqpərvər olmaqla yanaşı, öz mətbəxlərinin nemətləri - dolma, bozbaş, kabab, piti, plov, çığırtma, bozartma, qovurmas. ilə fəxr edirlər. Yazıda Azərbaycan mətbəxinin ləziz təamı olan dolmanın hazırlanma metodundan bəhs olunur.

Məqalə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Özbəkistan jurnalistləri arasında keçirdiyi "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə təqdim edilib.

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 9.