“Abbasilər dövründə türklər”

 

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun “Abbasilər dövründə türklər” kitabı “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Nəşrdə Abbasilər dövrünün (IX-XII əsrlər) ictimai-siyasi hadisələrinə işıq salınır, xilafətdə xidmət edən türk sərkərdə və sultanlarının həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Kitabın elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, redaktoru filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Gültəkin Nəcəfli və Mahal Qacardır.

Tədqiqat əsərində qeyd edilir ki, xilafətdə Abbasilər sülaləsinin (sülalənin adı Həzrəti Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlib bin Haşimin adından götürülüb) türklərə qarşı böyük rəğbəti olub. Xəlifə Əl-Mənsurun (754-775) hakimiyyətindən etibarən türklər xilafət ordusuna əsgər olaraq daxil olmağa başlayır. Xəlifə Əl-Məmun (813-833) tərəfindən türklərdən ibarət xüsusi gözətçi birlikləri yaradılır. Xəlifə Mötəsim (833-842) zamanında ordunun əsasını türklər təşkil edir. O, Samarra (Samirə) şəhərini də türklərin şərəfinə saldırır və paytaxtı bu şəhərə köçürür. Xəlifə Əl-Mütəvəkkilin (847-861) görkəmli sərkərdələrindən üçü türk olub. Abbasi xəlifələrinin türklərə fövqəladə yaxınlıq göstərmələri Şərqdə İslam dininin yayılmasını daha da sürətləndirir.

Kitabın ərsəyə gəlməsində ərəb, fars, türkAvropa müəlliflərinin qaynaq tipli əsərlərindən də (yol qeydləri, xatirələr, coğrafi-tarixi əsərlər) istifadə olunub. Nəşr tarixçi alimlər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Savalan

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 15.