Bakıda gənclərin beynəlxalq mədəni irsturizm forumu

 

Fevralın 1-2-də Bakıda gənclərin beynəlxalq mədəni irsturizm forumu keçirilib.

 

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Araşdır, qoru və təbliğ et! devizi altında keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, İtaliya, Tacikistan, Misir və digər ölkələrdən nümayəndələr iştirak ediblər. Forumun məqsədi gəncləri bir araya gətirməklə ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizmin yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, ideya və təcrübə mübadiləsidir.

Tədbirin açılışında çıxış edən Miras İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, forumun bir hədəfi də bu toplantını davamlı keçirmək və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 fevral - Azərbaycan Gəncləri Gününün mahiyyətini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının əhəmiyyətindən danışan F.Xəlilli diqqətə çatdırıb ki, sənəddə gənclər forumlarının təşkili və keçirilməsinə xüsusi diqqət yetirilir.

Tarix elmləri doktoru, professor Qafar Cəbiyev, İtaliyanın Kalabriya Universitetinin rektoru, professor Gino Krisci, YOCOCU Assosiasiyasının prezidenti Andrea Macchia, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Məleykə Hüseynova, Miras İctimai Birliyi sədrinin müavini Arzu Soltan, Dostlar üçün Gürcüstan Beynəlxalq Turizm Assosiasiyasının təsisçisi İrakli Ephremidze, professorlar Şikar Qasımov, Kübra Əliyeva və digər çıxış edənlər də tədbirin əhəmiyyətindən söz açıblar.

Forum çərçivəsində əlil və qayğıya ehtiyacı olan gənclərin əl işlərindən ibarət Biz həmişə sizinlə mövzusunda xeyriyyə sərgisi keçirilib. Forumun Araşdır, Qoru və Təbliğ et bölmələrində Sibirin mədəni irsinin qorunması və təbliğində cari meyllər, Azərbaycan folklorşünaslığının 1900-1930-cu illərdə keçdiyi yol, Tacikistanın tarixi-mədəni irsi, Gürcüstanın mədəni irs resursları, Norveç təbiətində mədəniyyət izləri, Topqapı Sarayı Muzeyində mədəni irs sərvətlərinin qorunmasında önləyici üsullar və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Miras İctimai Birliyi ilə YOCOCU Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 2016-cı ildə gənclərin II beynəlxalq mədəni irsturizm forumunun keçirilməsi qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 12.