İcraçı prodüser Arif Səfərovun 70 illiyi qeyd olunub

 

Yanvarın 29-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino veteranı, uzun illər burada icraçı prodüser kimi çalışan Arif Səfərovun 70 illik yubileyi qeyd edilib.

 

Kinostudiyanın direktoru Müşfiq Hətəmov yubilyarı təbrik edib, həyat və sənət yolundan söz açıb. Qeyd edib ki, Arif Səfərov 1969-cu ildən kinostudiyada fəaliyyətə başlayıb. “Qayınana” (1978), İstintaq (1979), “Qəribə adam” (1979), “Qızıl uçurum” (1980), “Bağlı qapı” (1981), “Asif, Vasif, Ağasif” (1983), “Musiqi müəllimi” (1983) və s. filmlərin icraçı prodüseri olub. Ümumilikdə 30-dan artıq filmdə çalışan yubilyar son dövrdə istehsal edilən ekran əsərlərinə də öz töhfəsini verib, təcrübə və bacarığını əsirgəməyib. Bu sırada “Dolu” (2012), “Nabat (2014), “Axınla aşağı” (2014) və s. filmləri göstərmək olar. Əməkdar artist Elxan Qasımov və digər kino xadimləri də yubilyara təbriklərini çatdırıblar, kino çəkilişləri ilə bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Arif Səfərov ona göstərilən diqqət və qayğıya görə kinostudiyanın rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 12.