Misir Mədəniyyət Mərkəzində media nümayəndələri ilə görüş

 

Yanvarın 29-da Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi ötən ay bu ölkənin Şarm əl-Şeyx şəhərinə səfər etmiş azərbaycanlı media mənsubları ilə görüşdü. Görüşdə bu səfərin təşkilatçısı olan EgAz turizm şirkətinin rəhbəri Amr Şindiiştirak edirdi.

Əvvəlcə Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verdi. Azərbaycan və Misir arasında tarixi köklərə əsaslanan münasibətlərdən danışaraq bu əlaqələrin ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Misirə səfərlərindən sonra daha da möhkəmləndiyini diqqətə çatdırdı. O, Azərbaycanın Misir üçün əhəmiyyətli ölkə olduğunu vurğulayaraq bu ölkənin Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisindən də bəhs etdi. Mərkəzin rəhbəri Qahirədə keçirilən 46-cı kitab sərgisində Azərbaycanın ilk dəfə iştirakını xüsusilə diqqətə çatdırdı.

Görüşdə iştirak edən mətbuat nümayəndələri Misir səfərindən razılıqlarını bildirərək təəssüratlarını bölüşdülər. Azərbaycan və Misir arasında turizm əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı. Sonra media mənsubları Misir Mədəniyyət Mərkəzinin kitabxanası, akt zalı, dərs otaqları ilə tanış oldular.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 12.