Qubaya gələn hər dörd turistdən biri Xınalığa baş çəkir

 

Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndi Qubaya gələn turistlərin də böyük maraq göstərdiyi məkandır. Ötən il rayona gələn 80 mindən artıq turistdən təxminən 20 mini qədim tarixə malik bu kəndi ziyarət edib.

Quba Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacızadə bildirib ki, 2014-cü ildə mərkəzə xarici ölkələrdən 1000-dən artıq onlayn müraciət edilib ki, onların da əksəriyyəti Xınalıq kəndinə səfərlə bağlı olub.

Geniş turizm potensialına malik Quba rayonuna gələn turistlərə əsasən dörd istiqamət üzrə səyahət təklif olunur. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah turizm marşrutlarıdır. 2014-cü ildə Qubaya gələn 80 mindən artıq turistin 42 mini yay mövsümündə rayona səfər edib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 10.