Gənclər Gününə sənət hədiyyəsi

 

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sərgisi açıldı. Gənclər Gününə həsr edilmiş sərgi Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə ərsəyə gəlib.

 

Açılışda çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, bu gün təsviri sənət sahəsində fəaliyyət göstərən gənclər öz dünyagörüşü, baxışları ilə seçilirlər. Onların yaratdıqları əsərlər müasir Azərbaycan sənətinin bir hissəsidir. Qeyd edildi ki, gənclərin bayramına həsr edilmiş sərgidə təqdim edilən əl işləri də gənclərimizin bu sahədə bacarığını bir daha nümayiş etdirməsinə şərait yaradır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Günü münasibətilə sərgi iştirakçılarını təbrik edərək bildirdi ki, bu əlamətdar tarix ölkəmizdə hər il yaddaqalan hadisə və tədbirlərlə qeyd edilir. Azərbaycan gəncliyinin böyük intellektual potensialı var və dövlətimiz bu potensialın tanıdılması üçün hər zaman onlara dəstək olur. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.

 

 

Qeyd edildi ki, Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə müxtəlif sərəncamlar imzalayıb, proqramlar qəbul olunub. Bu günlərdə ölkə başçısının sərəncamı ilə 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiq edilməsi də dövlətin gənclərə xüsusi diqqətinin ifadəsidir. Bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Sərgiyə təqdim edilən sənət əsərlərində də məhz bu hisslərin şahidi oluruq.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov əlamətdar gün münasibətilə 40-a yaxın gənc rəssamın qurumun gənclər bölməsinə qəbul olunduğunu bildirdiüzvlük vəsiqələrini onlara təqdim etdi.

 

 

 

Sonra sərgiyə baxış oldu. Bir həftə davam edəcək sərgidə gənc rəssamların 400-dən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 8.