Milli “Bakı prosesidialoq və əməkdaşlıq platformasıdır

 

BMT-nin mənzil-qərargahında III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı

 

Yanvarın 30-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Bakı prosesi" və III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçirilib. Tədbirdə BMT yanında xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, BMT katibliyinin əməkdaşları və təşkilatın ixtisaslaşmış qurumlarının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser qurumun mənzil-qərargahında belə bir tədbirin keçirilməsinin tarixi hadisə olduğunu qeyd edib, "Bakı prosesi"ninForumun dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət etdiyini deyib. Bildirib ki, Sivilizasiyalar Alyansının bu mötəbər tədbirin tərəfdaşı kimi çıxış etməsi də həmin qlobal təşəbbüsün dünya mədəniyyətlərinin dialoqa təşviq olunması ilə bağlıdır. Ali nümayəndə Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin sivilizasiyalararası dialoqa diqqətinin təqdirəlayiq və nümunəvi olduğunu vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək bildirib ki, BMT-nin mənzil-qərargahında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal prosesə və Dünya Forumuna həsr olunan mərasimin təşkili ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif etnik, dini qrupların və mədəniyyətlərin birgə yaşama ənənələri və bəşəri dəyərlərin təşviqinə göstərdikləri dəstəyin "Bakı prosesi" ilə bir daha təsdiq olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü olmaqla nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır. Nazir deyib ki, Azərbaycanda mədəniyyətlərin dialoq məsələsi hər hansı süni ideologiyaya söykənmir, bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və bizim milli dəyərlərimizdə bu faktor önəmli rol oynayır. Ə.Qarayev tədbir iştirakçılarını bu il mayın 18-19-da Bakıda keçiriləcək III Dünya Forumuna dəvət edib.

UNESCO-nun BMT yanında səlahiyyətli nümayəndəsi Mofida Qouşa təmsil etdiyi təşkilatın sülhdialoqun təbliğinə böyük önəm verdiyini qeyd edərək, təşkilatın baş direktoru İrina Bokovanın salamını tədbir iştirakçılarına çatdırıb. O, Dünya Forumunda tərəfdaş kimi çıxış etməkdən və tədbir çərçivəsində müxtəlif sessiyaların keçirilməsindən məmnun olacaqlarını bildirib.

Dünya Turizm Təşkilatının BMT yanında daimi nümayəndəsi Rafiuddun Əhməd təmsil etdiyi qurumun baş katibi Taleb Rifainin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Daimi nümayəndə Dünya Turizm Təşkilatının Azərbaycan və digər tərəfdaşlarla Forum çərçivəsində mühüm layihələrin həyata keçirilməsi üçün sıx əməkdaşlıq edəcəyini söyləyib.

İslam Əməkdaşlıq Təşkilatının BMT-dəki daimi elçisi Ufuk Gökçen İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin təbriklərini çatdıraraq Forumun həm mədəniyyətlər, həm də dinlərarası dialoqun qurulmasında və inkişafında çox əhəmiyyətli təşəbbüs olduğunu deyib. O, İSESCO-nun müsəlman dünyası ilə digər sivilizasiyalar arasında əməkdaşlığa töhfə verən belə təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb.

Forumun konseptual sənədlərinin hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyinin məsləhətçisi kimi cəlb edilən Böyük Britaniyanın Koventri Universitetinin Sülh, EtimadSosial Münasibətlər Mərkəzinin direktoru, professor Mayk Hardi çıxışında deyib ki, dünyada artan gərginlik, ekstremizm və sivilizasiyalar arasında anlaşılmazlıqlar fonunda "Bakı prosesi" və Dünya Forumu bu istiqamətdə problemlərin müzakirə olunması, həll modellərinin təklif edilməsi, əməkdaşlığa dair ideya və təşəbbüslərin irəli sürülməsi üçün unikal platformadır.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı prosesi" və Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünə dair film nümayiş etdirilib.

Sonda ziyafət verilib, iştirakçılara Azərbaycanın mədəniyyəti və turizm potensialı haqqında nəşrlər və milli suvenirlər təqdim edilib.

Bununla da Nyu-York şəhərində və BMT-də "Bakı prosesi"nə və Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilən silsilə tədbirlər başa çatıb.

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 3.