İkili yaşamış bir xanım...

 

Dilində-sözündə bədii-teatral aləmlər, üzündə-gözündə həyati-real ələmlər...

 

Azərbaycanın teatr-səhnə aləmində belə bir tale qismətinə malik ikinci birisi olmadığına (deməli, əksər oxucumuzun xəyal-gümanının azmayacağı ehtimalına) görə, üslub ənənəmə xilaf çıxıb, bu xanımın adını yazımın başlığına çıxarmadım.

...Deyim ki, bir-iki dəqiqədir ha vərə-vird edirəm, cür-cümləmi konstruksiya-rekonstruksiya eləyirəm, heç bu giriş-təqdimata da yovuyub-çovumaq bilmir - bu... surəti ölüncə gözəl qalmış, qisməti, bəxti isə (xüsusən, uşaqlıq-qızlıq çağlarında) xəzəl olmuş xanımın...

 

Deyirəm, bəlkə bu yazı qəhrəmanımın ad-soyad gecikimi tək elə onun şəxsi bəxtilə yox, bütövlükdə o dövrün ictimai bəxt-qismətilə, o cümlədən, yaşlı nəsil nümayəndələrindən biri olaraq, repressiya sonrası çağların bir az nəqdi, bir xeyli nəqli xof-mifilə yaşamış bəndənizin canındakı ehtiyatkarlıq instinktilə də ilgilidir?..

O repressiyanın oğlan çağlarında bu qızın on iki-on üç yaşı varmış. NKVD dil-dişinə düşənədək dillərdə əzbər atasına - müqtədir aktyor Abbasmirzə Şərifzadəyə bir ildə (1937) iki ad (Xalq artistiXalq düşməni) verib, növbəti il güllələyibmişlər. Hələ həmin akkord-olayın ərəfə ab-havası səbəbindən sözügedən ailənin bu cocuğu Azərbaycandilli məktəbin birinci sinfindən götürüb, növbəti il yenidən rusdilli məktəbin birinci sinfinə qoyma əlacsızlığını demirəm.

Nəhayət, qızcığazkən künc-bucaqlar, məktəb və qonum-qonşuluqlardakı qırmızı-qızartdaq nəzərlər, cürəbəcürə maddi məhrumiyyət, mənəvi sıxıntı burulğanlarında böyüməyə məhkumluqdan sonra əsil Azərbaycan xanımı olmuş böyük Azərbaycan sənətkarının ad-soyadını fəxri bir işarətlə yaza bilərəm: -

 

Firəngiz Şərifova!..

 

Bəli, ellər rəhbərinin yerli çuğulçularının qara-qorxusundan, yuxarıda dillər əzbəri bənzətməsilə də təqdim etdiyim atasının familiyasındakı (bu yad terminin doğma soyad kimi verilməsi üçün bu xalq hələ çox qurbanlar verməliydi!) zadəni ova ilə dəyişməli olmuşdu Firəngiz xanım...

1924-cü il fevralın 6-da Bakı şəhərində - böyük səhnə ustaları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulmuş Firəngiz xanım orta məktəblə paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. 1941-ci ildə bu ailənin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəylinin məsləhətilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyasının) vokal fakültəsinə daxil olub. Beşillik təhsil müddətində anadangəlmə doğal-qoğal avazlı bu qız gözəl sopranalıq səsinin peşəkarlığa doğru formalaşmasına nail olub.

O, hələ səkkiz yaşında dövrünün canlı korifeyi, ünlü dramaturquböyük mədəniyyət xadimi Cəfər Cabbarlının təkidi (və əlbəttə, atası Abbasmirzənin razılığı) ilə "Oqtay Eloğlu"da Sevər, bir qədər sonra "Sevil" tamaşasında Gündüz rollarında çıxış etmişdi. Aktyorluq peşəsinin qan-süd cövhərlərilə bütün varlığına hopduğundan xəbərli-xəbərsiz Firəngiz xanım bu yüyənsiz-cilovsuz sənət ehtirasını öz alovlu istedadı ilə yalnız elə sənət səhnələrində söndürüb-yandıra, yandırıb-söndürə bilərdi.

Bu qaçılmaz həqiqəti hər gün artan dərk-dərrakəsilə anlayan Firəngiz xanım işgüzar ətrafı tərəfindən də tez və yaxşı anlanır və o, 1947-ci ilin əvvəllərində Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunur. Lakin 1949-cu ildə bu sənət ocağı özünümaliyyələşdirmə sisteminə keçdiyindən, müvəqqəti olsa da, bağlanır və Firəngiz xanım Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin (sonralar - Mədəniyyət Nazirliyi, indilər Mədəniyyət və Turizm Nazirliyi) sərəncamıyla Gənc Tamaşaçılar Teatrının truppasına keçirilir.

Tezliklə - ömrünün çox hissəsini həsr etdiyi bu yeni sənət ocağının repertuar ağırlığının əksər çəkisini çəkən Firəngiz xanım teatrın aparıcı aktyorlarından birinə çevrilir. Bir müddət sonra sağalmaz xəstəliyə tutulan anasının - görkəmli aktrisa, SSRİ Xalq artisti Mərziyə xanım Davudovanın 60 illiyi münasibətilə keçirilən təntənəli yubiley mərasimində Firəngiz Şərifova diqqətləri daha sıcaqlıqlarla cəlb ediro, 1960-cı ilin mayında Akademik Milli Dram Teatrına qəbul edilir. Hər barədə öncül olan bu böyük sənət ocağında 1965-ci ilin aprelinədək işləyən və sənətkarlığın təsdiqi üçün qısa hesab edilən bu müddət ərzində bir-birinin ardınca parlaq sənət hadisəsi təyinatlı obrazlar yaradan qüdrətli aktrisa yaşının və sənətinin bu yetkin çağında yenidən Gənc Tamaşaçılar Teatrına qayıdır və ömrünün sonunadək burada aparıcı sənətkar şöhrətilə çalışır...

Milli səhnə mədəniyyətimizin inkişafındakı böyük xidmətlərinə, ustad valideynlərindən əxz edib öz istedadı, qaynar sənət eşqilə cilalayaraq qazandığı sənət qələbələrinə görə 1960-cı ildə respublikanın Əməkdar artisti, 1969-cu ildə Xalq artisti fəxri adlarına layiq görülən Firəngiz Şərifovanın çox zəngin, olduqca əlvan, müxtəlif janrlı, rəngarəng üslublu obrazlar qalereyasını sağlığında canlı-canlı izləmiş, cismani yoxluğunda isə kino-teleekranlardan seyr edən tamaşaçılar da olduqca yüksək qiymətləndirir və bu hələ uzun illər, əsrlər davamlısı olacaq. Hansı ki, həmin səhnə surətlərinin adisivar, bu sevimli aktrisamızla bahəm, ümumən teatr aləmimizdə sənət hadisəsinə çevrilənləri də.

Real həyatda... bu cismən də, ruhən də, belə demək mümkünsə, sənət və mədəniyyətdən də gözəl aktrisamız bədii həyatda - səhnədə də çox gözəl, -

 

Seçkin-xarakterial obrazlar yaradıb:

 

Musiqili Komediya Teatrında Gülçöhrə (Arşın mal alan, Ü.Hacıbəyli), Durna (Durna, S.Rüstəm və S.Rüstəmov), Ulduz (Ulduz, S.Rəhman və S.Ələsgərov), Keto (KetoKote, V.Dolidze), Bayadera (Bayadera, İ.Kalman), Akademik Milli Dram Teatrında Perdidata (Qış nağılı, U.Şekspir), Həcər (Qaçaq Nəbi, S.Rüstəm), Erfila (Dəlilər, L. de Veqa), Gülgün (Od gəlini, C.Cabbarlı) və saysız-hesabsız başqaları.

Onun Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, fəci və rəngarəng psixoloji səhnə obrazlarını sadalayıb sonulamaq isə olduqca çətin. Azərbaycanfilm kinostudiyasında istehsal olunan Qaraca qız, Bayquş gələndə, Qərib cinlər diyarında, Qətl günü kinofilmlərində yaratdığı obrazlar isə sayagələndir: Yasəmən, Nənə, Ana, Tükəz... Yaratdığı obrazlar psixoloji dərinliyinə, emosional sənətkarlıq xüsusiyyətlərinə görə sənətşünaslar tərəfindən parlaq ekran obrazı kimi qiymətləndirilib.

Həmin mütəxəssis-sənətşünasların belə bir ümumi qənaəti var ki; ...daxili ehtiraslarla oynamaq, fərdi plastikanı ümumiləşdirərkən də idarə etmək, ən incə, məxfi mətləbləri belə üz-gözlə tamaşaçıya çatdırmaq baxımından Gənc Tamaşaçılar Teatrında Firəngiz Şərifovaya adekvat aktrisa olmayıb...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 13.