Ölməz eşqin sönməyən atəşində

 

Müqəddəs olan, ülviyyətini qoruyub saflığında yaşayanyaşanan eşq əbədidir, ölməzdir və hər zaman təravətlidir.

Nüvəsindəki müqəddəsliyi insan ruhunun ən uca yaşantısı kimi ilahi eşqə calamaq, onun ülfətini əslində yaradanın insana bəxş etdiyi ən ali hiss kimi təzahür etdirmək heç də hər eşqin nəsibi deyil. İllah bu eşqdə bir fərdin yox, küll halında insanlığın, vətən dediyimiz, doğulduğumuz ana torpağın, xalqın ruhu varsa. Bax o zaman bu eşq xəlqiləşir, ülviləşir, zaman və məkan fövqündə əbədiləşir.

 

Düşünürəm ki, fevralın 3-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə müəllifin EşqÖlüm baletinin yeni quruluşda təqdimatına toplaşanlar həm sənətkar ruhunun, əzəmətli musiqinin, həm də əbədi sənət sevgisinin hərarətində unudulmaz bir eşq etirafına şahid oldular.

Nəhayət, hamının, ən çox da elə müəllifin gözlədiyi an yetişdi və pərdələr açıldı. Beləcə, nəzərlər səhnəyə, ilahi eşq axtarışlarının böyük ürəklə musiqiyə köçürüldüyü sənət əsərinin səhnə nümayişinə dikildi.

İlk olaraq qeyd olunmalıdır ki, EşqÖlüm baleti milli məzmun daşısa da, əsl sənət sərhəd tanımadığı kimi, dünyəvi xarakter kəsb edir, həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur.

 

Ölümsüzlük Eşqində

 

... Eşq. Sən ey ilahi və əzəmətli duyğu! Ürəyimi, arzularımı, bütün səadətimi sənə bağlamışam. Yaranışımdan ölümümə, varlığımdan yoxluğuma çıxdığım bu yolda sən ol yol yoldaşım, sən ol bələdçim. Mən səndən mayalandım, səndən başladım və elə səndə də bitdim. Demək, var olanvarsa, kökündə sənsən. Hamımızın, elə eşqi ilə ölməyən, ölümə meydan oxuyan, öldükdə belə ölümsüz olan Azər və Baycanın eşqi kimi. Yüzilliklər keçib, daşlar göyərənədək, səhraların qum dənələri sovrulub min-min məkan dəyişənədək sən elə o qüdrətində qalacaq və neçə-neçə əfsanənin əsası, kökü, özü olacaqsan. Təkcə Azər və Baycanın ürəyində yox, ölümsüz olan xalqların ruhunda yaşayacaqsan.

Bu fikirlər əzəmətli musiqi, milli ladlar və xalqın əbədiyyət dastanı olan Kitabi-Dədə Qorquddan gələn nidalarla EşqÖlümün ilk taktlarından haray salmağa başladı.

Sonu görünüb tarixi bilinməyən düzənlikdə uzun əsrlərdən bəri duran nəhəng daşlar. Öz həqiqəti, öz keçmişi, öz yaşantısı olan daşlar. Bu daşlar dilə gələcək, hərəkət edəcək, doğulacaq, yaşayacaq, döyüşəcək, məğlub olacaqsonra da öləcək. Bunu isə onların arasında dolaşancavan, nə qoca, nə qadın, nə kişi olduğu bəlli olmayan Ölüm hərəkətə gətirəcək. Hamı tərəfindən unudulmuş düzənlikdə yatan, daim pusquda duran Ölüm. O, canını, qanını, bütün varlığını hərəkətə gətirərək daşların üzərindəki əsrlərin tozunu silərək onların öz hekayələrini danışmağa dəvət edir. Bu danışıq-hekayə musiqi ilə qanadlanıb əsrarəngiz xoreoqrafiya elementləri ilə dilləndikcə zalda oturanları tarixin dərin qatlarına gedib musiqinin ənginliklərində bir Oğuz yurdu həqiqətini vərəqləyirlər.

Bu işdə əsas bələdçi Polad Bülbüloğlu olsa da, ikipərdəli baletin ərsəyə gəlməsində peşəkar heyətin də əməyi az deyil. Eşq və Ölümə Rusiyanın Əməkdar incəsənət xadimi, baletmeyster Nadejda Malıgina quruluş verib. Onun təqdimatında klassik balet məktəbi ənənələrinin müasir çalarlarla sintezində yeni, fərqli, həm də bizi ideyadan uzaqlaşdırmayan bitkin bir həll görürük. Uğurlu realizədə quruluşçu rəssam işiniunutmaq olmaz. Şərq insanının milli üslub elementlərini tərtibatdan geyimə hər bir ştrixdə aksentləşdirən tamaşanın quruluşçu rəssamı rusiyalı Dmitri Çerbadjidir. Tamaşanı Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edirdi. Orkestrin yüksək ifa peşəkarlığı, aktdan-akta tamaşaçını heyrətdə saxlama maneraları yüksək qiymətləndirilməlidir.

Birinci pərdədən, elə ilk hissələrdən tamaşaçı mənzərəni ayırd etməyə başlayır: Oğuz eli oyanır. Qazan xan, onun qızı, gənc və gözəl Baycan azad elin al-yaşıl düzənlərində əylənir, təbiətin seyrində xoşhal görünürlər. Digər tərəfdə isə cəngavər ərənlər, qədd-qamətli igidlər ov ovlayıb, quş quşlayırlar. Bu igidlərin arasında Azər və Yalıncıq da var. Hər kəs öz şücaətini göstərib, əzəmət nümayişinə can atır. Xan qızı Baycan ətrafındakı qızlarla cavanlara zarafat edib oğlan qiyafəsində boy verirlər. Bununla tanınmayacaqlarını zənn edirlər. Amma gözəl Baycanı kişi qiyafəsi, taxma bığına rəğmən tanıyan Azərin ürəyindəki məhəbbət alovlanaraq qızın da gözlərinə hopur. Bu eşqə gəlmə anı Azər (Xalq artisti Gülağası Mirzəyev) və Baycanın (Xalq artisti Kamilla Hüseynova) ifasında elə incə xoreoqrafik çalarlar, bir-birini tamamlayan zərif maneralarda təsvir olunur ki, tamaşaçı bu eşqin sonrakı hərəkət-oyun təsvirinə tələsir. Amma Yalıncıq (Makar Ferştant) Baycana aşiqdirbunu gizlətmir, əksinə, həyəcanla onu hiss etdirməyə, cavab almağa tələsir.

Ani görüş Qazan xanın (Edvard Arazov) bayram dəvətinə keçidlə davam edir. Oğuz elindəki şənlikdə hər kəs Baycanın özünə adaxlı seçməsini gözləyir. Buna görə də igidlər meydana axın edir. Əvvəlcə onlar öz güclərini nümayiş etdirməli və sonra çoxsaylı qızların arasındakı örpəkli Baycanı tapmalıdırlar. Yalnız bu şərtə əməl edən igid xan qızının həyat yoldaşı ola bilər. Bu oyunlarda iki igid - Azər və Yalıncıq qalib olur. Lakin qız ürəyini Azərə verdiyindən məhz onu tapır. Bu an - sevgililərin ilk birləşmə anı Yalıncığı daha da hiddətləndirir. Amma sevgililər bundan xəbərsiz xoşbəxtdirlər. Elə Qazan xanOğuz eli də. Hər kəs nişanlıların toyuna hazırlaşır. Bircə Yalıncıq qəzəblidir, içindəki kin, qəzəb onu boğur, məhv edir. Azərlə qovğa etməyə bəhanə axtarır.

Meydan boşdur, o tənhadır. Olan-bitəni pusquda izləyən qıpçaqlar qəzəbli cəngavərin yanına axışıb oğuzlar arasında düşmənçiliyin yaranmasına sevinərək bundan istifadə etməyə çalışırlar. Ona görə də hər yolla qısqanc aşiqi öz yanlarına çəkmək istəyirlər. Yalıncığa isə yalnız Baycan lazımdır. Ona görə də nə qıpçaqların fitnəsi, nə də Oğuz elinin başına gətirəcəyi bəlalar onu düşündürmür. Həm də bu an hər zaman pusquda duran, öz qurbanını səbirlə gözləyən Ölüm (Nigar İbrahimova) də öz işini görür.

Ölüm partiyasının ifaçısı baletin ruhunu duyaraq obrazının öhdəsindən yüksək səviyyədə gəlməyi bacarmaqla tamaşaçıların bir neçə dəfə alqışını qazandı. Balet artistinin incə plastikası, bədəni ilə emosiyaları arasındakı energetikanı tamaşaçıya sərrast ötürmə gedişləri, həqiqətən də, alqışa layiq idi.

Quruluşçu xoreoqrafın və rəssamın baletin toy səhnəsindəki duyarlılığı, harmonik işləmələri və ən əsası milli elementləri tətbiq maneraları da baxımlı idi. Azər və Baycanın toyu - türk insanının şənlik ruhunu - rəqslərini, geyimini, şadyanalıq detallarını ustalıqla verə bilmişdilər.

Qurulan toy çadırı, iki sevgilinin ruh və bədən birləşməsinin tül pərdə arxasından təsviri, balet ustalarının ifa texnikasında ecazkarçox təsirli görünürdü.

Mənzərənin ardınca çadırın yağmalanması və bəylə gəlinin əsir götürülməsi anındakı musiqi və xoreoqrafiyanın emosional gücü tamaşaçını sonrakı taktlardakı hadisələrə kökləyir, onu həyəcanda saxlaya bilirdi.

 

Daşlaşan bədən, əbədi ruh

 

Budur, Qazan xan qızının köməyinə tələsir, Oğuz elləri düşmənin mühasirəsindədir. Qisas andı içilir, döyüş başlayır, qan tökülür və qıpçaqlar oğuzların dəstəsini darmadağın edirlər. Beləliklə, Ölümün təntənəsi başlayır. Tonqallar tüstülənir, qadınlar qara geyinib ölmüş igidlərə yas tuturlar. Musiqi, səhnə işıqları, Oğuz elinin batan günəşinin təsviri qaraya bürünmüş qadınların ruhlarını təslim hərəkətləri bir-birini gözəl tamamlamaqla yanaşı, insanın necə göz yaşı tökməsinin, susqun fəryadının ən mükəmməl təsviri idi.

Amma hər şey bitməyib, Qazan xan yenə də Oğuz qəbilələrinin sağ qalmış ərənlərini haylayıb köməyə çağırır. Uca dağların başında isə qıpçaqlar öz düşərgələrini qurub qələbələrini bayram edirlər. Məlik xan (Əməkdar artist Samir Səmədov) qalib gələn dəstənin içindəki xain Yalıncığı mükafatlandırır, Baycanı ona peşkəş verir. Əsir qızlar Məlik xanın döyüşçülərini əyləndirirlər. Bu taktdakı Şərq rəqsi öz ecazkarlığı və zərifliyi ilə baletə ayrı bir rəng qatmaqla yanaşı, onun ruhundakı kədər hislərini əyləncəyə, ritmə təslim etdi ki, bu da tamaşaçılar tərəfindən qeyri-iradi bravo sədaları ilə mükafatlandırıldı.

Qızların rəqsi zamanı ağıllı və hiyləgər Baycan da Yalıncıqla tək qalıb bədəninin dili ilə ürəyindəkiləri ona danışır. Azərin azad olunmasını istəyir, yalnız bu zaman Yalıncığın olacağını deyir. Artıq Azər azaddır, amma yenə Baycan xainə könül vermir. Yalıncığı isə Ölüm gözləyir. Bütün xainlərin məhkum olunduğu Ölüm.

... Qazan xanın döyüşçüləri yetişir, qoçaq Baycan əsir qızları azad edir, sevgililər görüşür. Amma bu qısa və son görüş olur.

Budur, hər kəs, sevgililər də ölüm meydanındadır. Bir daşa, qaya parçasına çevrilib susublar. Ölüm qəhrəmanlarının daşa çevrilməsinə, şah əsərinə əzəmətlə tamaşa edir. Amma onların ruhunu apara bilməyəcəyini dərk edə bilmir. Azər Baycanın ölməz sevgisi, əbədiyyətə qovuşmaları ölümü təslim edir. Çünki əbədi Eşq olan yerdə Ölüm susmağa məhkumdur.

Balet bir həqiqəti bütün taktlarda dönə-dönə dilləndirdi: insanlar həlak ola bilər, amma xalq ölə bilməz. Ona görə öz əcdadlarının torpaqlarını qoruyan igidlərin qarşısında Ölüm belə acizdir.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 12.