«Tanıyaq, tanıdaq»

 

Mətbuat Şurasının layihəsi çərçivəsində Bərdədə görüş

 

Azərbaycan Mətbuat Şurasının «Tanıyaq, tanıdaq» layihəsi çərçivəsində növbəti görüş Moskvada yaşayan azərbaycanlı jurnalist, publisistşair Əliş Əvəzə həsr olunub. Jurnalistin doğulduğu Bərdədə rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, şair və yazıçılar iştirak ediblər.

Görüşü İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq qədim vətən yurdu olan Bərdənin Azərbaycanın mədəniyyət tarixinə dəyərli ziyalılar, yaradıcı simalar bəxş etdiyini deyib. Bildirib ki, poeziyapublisistikada öz dəst-xətti olan Əliş Əvəz vətənimizdən kənarda Azərbaycan dilinin təbliğinə, ana dilində mətbu orqanların yaradılmasına töhfələr verib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Əliş Əvəzin yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edib. Onun 20 Yanvar faciəsinin baş verdiyi vaxt Moskvada azərbaycanlıların etiraz nümayişində, faciənin miqyasını əks etdirən vərəqələrin dərc edilərək yayılmasında iştirakını, daha sonra Xocalı soyqırımı ilə bağlı Rusiya mətbuatında məqalələrlə çıxış etdiyini diqqətə çatdırıb. Bildirib ki, Əliş Əvəz Rusiyada Azərbaycan dilli mətbuatın təşəkkül tapmasında mühüm xidmətlər göstərib.

Şair Telman Hüseyn, şəhər 8 saylı orta məktəbin müəllimi Vəsilə Hüseynova və digər çıxış edənlər şairpublisistin həyat və yaradıcılığından söz açıblar.

Əliş Əvəz ona göstərilən diqqətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Şairə Mətbuat Şurasının və Bərdə Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub, şagirdlərin ifasında şeirləri səsləndirilib.

Qeyd edək ki, Əliş Əvəz (Əliş Əvəz oğlu Qasımov) 1956-cı ildə Bərdə rayonunun Piyadalar kəndində doğulub. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra Rusiyanın müxtəlif mətbuat orqanlarında çalışıb. Moskvada Azərbaycan dilində qəzetlərin yaranmasında fəal iştirak edib. Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-ictimai cəmiyyətinin təsisçilərindən biri və sədr müavinidir.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 10.