Madrid sərgisi maraqlı təəssüratlarla yadda qalıb

 

Mahir Qəhrəmanov: “İspanlar Azərbaycandakı populyar turizm növləri ilə daha çox maraqlanırdılar”

 

Xəbər verdiyimiz kimi, ölkəmiz yanvarın 28-dən fevralın 1-dək İspaniyanın paytaxtı Madriddə keçirilən ənənəvi “FİTUR” beynəlxalq turizm sərgisində təmsil olunub. Azərbaycan altıncı dəfə qatıldığı sərgidə Mədəniyyət və Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Heyətdə 6 turizm şirkəti və bir mehmanxana təmsilçisi də yer alıb. Ölkəmizin turizm imkanları 30 kvadratmetrlik stenddə nümayiş olunub.

 

Sərgi ilə bağlı təəssüratlarını bizimlə bölüşən Mahir Qəhrəmanov bildirdi ki, həm iştirakçılar, həm də ziyarətçilər tərəfindən Azərbaycanın stendinə böyük maraq müşahidə olunub: «Müraciət edənlərin əksəriyyəti daha çox ölkəmizə turist səfəri ilə bağlı qaydalarla maraqlanırdılar. Sərgidə ölkəmizin turizm şirkətlərini ispan dilini bilən menecerlər təmsil edirdilər. Onlar qonaqlara öz turları və Azərbaycan haqqında ətraflı məlumat verirdilər. Bu, turizm şirkətlərimizin İspaniya bazarına marağının artmasının göstəricisidir».

Sektor müdiri bildirdi ki, Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev və səfirliyin əməkdaşları da nümayəndə heyətinə yaxından dəstək verib. Səfir sərginin açılışında iştirak edib: «Səfirliyin nümayəndəsi sərgi günlərində bizim yanımızda oldu. Eyni zamanda İspaniyada yaşayan bir azərbaycanlı xanım bizə tərcüməçi kimi kömək etdi. Bunu da İspaniyadakı səfirliyimiz təşkil etmişdi. Bundan başqa, səfirliyimizin dəstəyi ilə Azərbaycanda səfərdə olmuş və ölkəmiz haqqında məlumata malik ispan tələbələr də bizimlə bərabər oldular və ziyarətçilərə ispan dilində məlumatlar verdilər”.

Sərgi çərçivəsində İspaniyanın turizm şirkətləri təmsilçiləri ilə görüş keçirilib: “Görüşdə Azərbaycanın turizm potensialı barədə onlara məlumat verdik, eyni zamanda turizm şirkətlərimiz öz xidmətlərini təqdim etdilər. İspan şirkətlərinin nümayəndələri də Azərbaycan haqqında məlumatlı olduqlarını, öz saytlarında ölkəmiz haqqında məlumatlar yerləşdirdiklərini diqqətə çatdırdılar. Ümumilikdə sərgidə Azərbaycana getdikcə artan marağın şahidi olduq. Ümid edirik ki, gələcəkdə «FİTUR» sərgisində iştirak edən Azərbaycan şirkətlərinin sayı daha da çox olacaq”.

Həmsöhbətim deyir ki, ispanlar təbiət etibarilə azərbaycanlılarla çox oxşardır. Onlar gəzməyi, əylənməyi, yeyib-içməyi, eləcə də səfər etməyi çox sevirlər. Azərbaycana gəlməyi də çox istəyirlər. Ölkəmizin «FİTUR» sərgisinə qatılması belə İspaniya vətəndaşlarının sayının artmasına da təsir göstərəcək: “İndiyədək bir çox turizm sərgilərinin iştirakçısı kimi müşahidə etdiyim məqam ondan ibarətdir ki, artıq Azərbaycan dünyada tanınır. Stendimizə yaxınlaşan əksər ziyarətçilər Azərbaycan haqqında məlumata malik idilər, bəziləri ölkəmizdə olduqlarını deyirdilər. Onları müxtəlif turizm marşrutları, ölkəmizdə populyar olan turizm növləri, fərqli əyləncələr və s. maraqlandırırdı. Sərgidə bizə olan xoş münasibətin bir göstəricisi də yerli media nümayəndələrinin stendimizə olan marağı idi. Madriddə nəşr olunan «Q Travel» jurnalının təsisçisi dedi ki, iki il əvvəl Azərbaycanda olub. O qədər zəngin təəssüratlarla qayıdıb ki, jurnalda Bakı haqqında 6 səhifəlik material yerləşdirib. O, yenidən Azərbaycana gəlmək, bölgələrimiz haqqında da materiallar hazırlamaq niyyətini bildirdi. Həmin jurnalın əməkdaşları müxtəlif ölkələr haqqında filmlər çəkib öz saytlarında yerləşdirirlər. Təsisçi Azərbaycan haqqında da film çəkmək istədiyini dedi. Bizbundan məmnunluğumuzu və əməkdaşlıqda maraqlı olduğumuzu bildirdik».

Qeyd edək ki, bu il 35 illiyini qeyd edən “FİTUR” sərgisi çərçivəsində Dünya Turizm Təşkilatı (DTT) tərəfindən silsilə tədbirlər - təşkilatın XI «Mükəmməllik və yenilik» mükafatının təqdimatı, alış-veriş turizm konfransı, qoşulmuş üzvlər şurasının 39-cu iclası, Afrika üzrə VI turizm investisiyabiznes forumu keçirilib. Tədbirləri Azərbaycan nümayəndə heyəti də izləyib.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 9.