Sənətin və sənətkarın təntənəsi

 

Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd edildi

 

Fevralın 4-də Heydər Əliyev Sarayında görkəmli müğənni və bəstəkar, ictimai xadim, Azərbaycanın Xalq artisti, professor Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirildi. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, çoxsaylı qonaqlar iştirak edirdi.

 

Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində yubilyarın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış oldular. Görkəmli sənətkarın yubileyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Polad Bülbüloğlunun yaradıcılığı bu gün nəinki Azərbaycanda və Rusiyada, bütün keçmiş sovet məkanında böyük maraq doğurur. Onun yaradıcılığı türkdilli dövlətlərdə də rəğbətlə qarşılanır: O, böyük musiqiçinin yetirməsi olmaqla yanaşı, özünün yaradıcılıq qabiliyyəti, səhnə ustalığı sayəsində müasir Azərbaycan mədəniyyətinin parlaq ulduzlarından birinə çevrilib. 70 yaş müdriklik cağıdır. İnanıram ki, biz hələ qarşıdakı illərdə onun yeni ifalarını dinləyəcəyik.

Fotosərgidə ötən illərin xatirələri, sənətkarın keçdiyi yolun unudulmaz anları əksini tapmışdı. Tədbir iştirakçılarının əksəriyyəti orta nəslin nümayəndələri olduğundan nümayiş olunan fotolara sonsuz maraq var idi.

Təntənəli gecə Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında yubilyarın Dolalay mahnısının orkestr üçün işlənmiş variantının təqdimatı ilə başlandı. Uzun illərdir dillərdən düşməyən Azərbaycan mahnısının sədaları ilə səhnəyə çıxan 70 yaşlı sənətkar sürəkli alqışlarla qarşılandı. İfa zamanı səhnədə quraşdırılmış geniş monitorda ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə yubilyara təqdim etdiyi Şərəf ordeninin təqdimat mərasiminin videoları yayımlandı.

İlk ifadan sonra iştirakçıları salamlayan Polad Bülbüloğlu bildirdi ki, yubiley gecəsinin keçirildiyi Heydər Əliyev Sarayı ona çox doğmadır və uzun fasilədən sonra bu salonda çıxış etmək həm bir müğənni, həm də keçmiş mədəniyyət naziri kimi bir çox xatirələri yada salmağa vadar edir. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açan yubilyar bu siyasətin layiqincə davam etdirildiyini vurğuladı, yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirdi.

Təbrik çıxışları ilə davam edən gecədə ilk olaraq Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səhnəyə dəvət edildi. O, Prezident Vladimir Putinin fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi, mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə Şərəf ordeni ilə təltif edildiyini diqqətə çatdırdı və ordeni yubilyara təqdim etdi.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Prezident Aleksandr Lukaşenkonun yubilyara təbrik məktubunu oxudu, Polad Bülbüloğlunun təkcə vətəni Azərbaycanda deyil, bütün keçmiş SSRİ məkanında sonsuz sevgilər qazandığını bildirdi.

Təbrik üçün səhnəyə çıxan TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyarla dostluq münasibətlərindən söz açdı, Polad Bülbüloğlunun təşkilata rəhbərliyi dövründə türkdilli dövlətlərin mədəniyyətlərinin tanıdılması istiqamətində xidmətlərindən danışdı. Türk dünyasının mədəniyyət xadimləri adından yubilyarı təbrik edən baş katib rəhbərlik etdiyi qurumun daimi şurası tərəfindən yeni təsis olunmuş mükafatı - Türk dünyası sənətçisi qızıl medalını ilk sahibinə təqdim etdi.

 

Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı Zurab Sereteli akademiya tərəfindən təsis edilmiş medalı və 3000-dən artıq Rusiya rəssamı tərəfindən imzalanmış təbrik məktubunu Polad Bülbüloğluna təqdim etdi.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili də təbrik edənlər sırasında idi. O, bildirdi ki, keçmiş SSRİ məkanında sevilən sənətkarın daha bir yubiley mərasimi fevral ayının ortalarında Gürcüstanda keçiriləcək.

Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə təbrik sözlərini söyləyərək Polad Bülbüloğlunun mədəniyyət sahəsində fəaliyyəti və ictimai xadim kimi xidmətlərindən söz açdılar.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Tatarıstan Prezidenti Rustam Minnixanovun, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin, Moskva şəhərinin meri Sergey Sobyaninin yubilyara təbrikləri də oxundu.

Sənətkarı təəccübləndirən təbriklərdən birioğlu, dahi Bülbülün adını daşıyan 14 yaşlı Murtuza Bülbülün səhnəyə çıxması oldu. O, orkestrlə birlikdə atasının bəstələrindən ibarət kompozisiyaya dirijorluq edərək ailə üzvləri adından təbrikini çatdırdı. İfa zamanı yubilyarın simasındakı sevinc və həyəcan açıq-aydın hiss olunurdu.

Təntənəli gecədə iştirak etmək üçün Bakıda səfərdə olan dost ölkələrin məşhur mədəniyyət və incəsənət xadimləri də yubilyarı öz mahnıları, şeir və yumorları, unudulmaz xatirələri ilə təbrik etdilər. İosif Kobzon, Lev Leşenko, Vaxtanq Kikabidze, Yevgeni Doqa, Larisa Dolina, Dmitri Malikov, Nikolay Baskov, Lyudmila Rımina, Gennadi Xazanov, Bari Alibasov, SSRİ Dövlət mükafatı laureatı, şair Andrey Dementyev, Tacikistandan Xalq artisti Curabek Murodov, Özbəkistanın Xalq artisti Fərrux Zakirov, Qırğızıstandan Roza Rımbayeva və digərləri Polad Bülbüloğlunun ifaçılığının və bəstəkarlığının özəllikləri barədə danışdılar. Onun mahnılarının hər zaman dillər əzbəri olduğunu, bu günsevildiyini vurğuladılar.

Bildirildi ki, geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar və ifaçı bu gün musiqiçi kimi deyil, həm də ölkələrimizi bir-birinə yaxınlaşdıran səfir kimi çox sevilir. O, qarmaqarışıq dünyanın siyasi məsələlərinə özünəməxsus şəkildə yanaşaraq xalqlarımızı bir-birindən uzaq düşməyə qoymur. Polad Bülbüloğlu müxtəlif janrlarda əsərlər bəstələyib. Bu əsərlər isə təkcə keçmiş SSRİ məkanında boya-başa çatan orta nəsil tərəfindən deyil, müasir gənclik tərəfindən də sevilərək qəbul edilir.

Gecədə Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli də bəstəkarın repertuarından hazırlanmış musiqi parçaları ilə təbriklərə qoşuldular. Hər iki kollektivin aparıcı musiqiçiləri Polad Bülbüloğlunu filmlərə, tamaşalara bəstələdiyi mahnılarla təbrik etdilər.

Bütün bu rəsmi və musiqili təbriklər sırasında yubilyarın ifasına da zaman ayrıldı. Çünki həmin gün qonaqlar uzun fasilədən sonra bənzərsiz səs sahibi Polad Bülbüloğlunu yenidən canlı dinləmək arzusunda idilər. O, səhnədə isti və səmimi ifası ilə yanaşı, ilk konsertindən, konsertlər zamanı başına gələn maraqlı əhvalatlardan danışdı, öz repertuarından və atası, görkəmli Azərbaycan müğənnisi Bülbülün repertuarından xalq mahnılarını orkestr üçün işlənmiş yeni variantda sənətsevərlərə təqdim etdi. Gecə saatlarına qədər davam edən yubiley mərasimi bütün iştirakçılarda unudulmaz təəssürat yaratdı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 8.