Böyük bəstəkar və müəllim

 

Fevralın 5-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, SSRİ Xalq artisti, SSRİ dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş xatirə tədbiri keçirildi.

 

Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq qeyd etdi ki, dünya şöhrətli bəstəkarın Azərbaycan incəsənəti tarixində müstəsna yeri olduğunu diqqətə çatdırdı, sənətkarın xatirəsinin hər il müxtəlif tədbirlərlə yad edildiyini bildirdi.

Muzeyin şöbə müdiri Xanım Abdinova böyük bəstəkarın həyat və yaradıcılıq yolundan bəhs etdi, müxtəlif janrlarda yaratdığı musiqi əsərlərindən danışdı. Bildirdi ki, sənətkar dünya musiqi xəzinəsinə daxil olan Yeddi gözəl" və İldırımlı yollarla" baletlərinin, simfoniyalar, Don Kixot" simfonik qravürü, Leyli və Məcnun" simfonik poeması, Vyetnam" süitası, fortepiano üçün prelüdlər, skripkafortepiano üçün sonata və romansların müəllifidir. Uzaq sahillərdə, Bir məhəllədən iki nəfər, İnsan məskən salır, Nizamis. filmlərə musiqi yazıb.

Qara Qarayev həm də böyük pedaqoq, müəllim olub. Ötən əsrin 50-ci illərindən sənət aləminə gələn bir sıra görkəmli bəstəkarlar - Rauf Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Firəngiz Əlizadə və başqaları onun yetirmələridir.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd-şou göstərildi. Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının tərkibində musiqi kollecinin tələbələri və Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında Q.Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim edildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 5.