Azərbaycanda həmişə sənət adamlarına hörmətlə yanaşılıb

 

Prezident İlham Əliyev Xalq artisti Polad Bülbüloğlunun yubileyində iştirak

etmək üçün Bakıya gəlmiş mədəniyyət və incəsənət xadimləri ilə görüşüb

 

Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva görkəmli müğənni və bəstəkar, Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün keçmiş SSRİ respublikalarından Bakıya gələn mədəniyyət və incəsənət xadimləri ilə görüşüblər.

 

Prezident İlham Əliyev görüşdə iştirak edən qonaqları salamlayaraq tanınmış mədəniyyət və incəsənət adamlarının bir yerə toplaşıb belə tədbirdə iştirak etməsini xoş hal kimi dəyərləndirib: “Siz buraya bizim əziz Polad Bülbüloğlunun yubiley tədbirlərində iştirak etmək üçün onun yaxın dostları kimi gəlmisiniz. Bu, çox dəyərlidir. Ona görə ki, onilliklərlə davam edən dostluğunuz həmişə hamıya gözəl nümunədir. Bu, xoş münasibətləri qurmaq, qiymətləndirmək və dostluğu ömür boyu davam etdirmək nümunəsidir. Mən çox şadam ki, Polad Bülbüloğlu öz yubileyini Vətənində, dostları və yaxınlarının əhatəsində qeyd edir. Bizi Polad Bülbüloğlu ilə dostluq əlaqələri birləşdirir. Demək olar ki, 40 ildir bir-birimizi tanıyırıq. O vaxtlar mən yeniyetmə idim, Polad Bülbüloğlu isə məşhur müğənni və bəstəkar idi. Mənim valideynlərim Polada səmimi münasibət bəsləyirdilər. Mən də həmişə ona belə münasibət bəsləmişəm. Sonradan Moskvada təhsil aldığım illərdə onunla mütəmadi ünsiyyətdə olmuşuq. Bu dostluğu uzun illərdir ki, davam etdiririk”.

Dövlət başçısı Polad Bülbüloğlunun yaradıcılığının milli köklərə bağlılığını xüsusi vurğulayıb: “O, böyük sənətkarımız, Azərbaycan xalqının fəxri olan, xalqımızın tarixində görkəmli ifaçı və vətəndaş kimi qalan müğənni Bülbülün ailəsində anadan olub. Təbii ki, bu, onun yaradıcılığına təsir göstərib. Onun mahnıları keçmiş Sovet İttifaqı məkanında hitə çevrilib, indiyə kimi yaşayır”.

Prezident 10 il bundan əvvəl tanınmış sənətçini “İstiqlal”, indi isə “Şərəf” ordeni ilə təltif etdiyini diqqətə çatdırıb. Dövlət başçısı yubilyarı bir daha təbrik edərək “Şərəf” ordenini ona təqdim edib.

SSRİ Xalq artisti İosif Kobzon çıxış edərək bu yubileyin təkcə Polad Bülbüloğlunun bayramı deyil, həm də böyük dostluq bayramı olduğunu vurğulayıb. Yubileydə müxtəlif ölkələrin mədəniyyət və incəsənət xadimlərinin iştirak etməsindən böyük məmnuniyyət hissi keçirdiklərini deyən İ.Kobzon Azərbaycan Prezidentinə müraciətlə deyib: “Sağ olun ki, mədəniyyətə bu cür gözəl münasibət bəsləyirsiniz. Hər dəfə Bakıya gələndə şəhərin göz qabağında bu cür dəyişməsi bizi heyran edir”.

Görüşdə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın Əməkdar artisti Bari Alibasov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, bəstəkar, SSRİ Xalq artisti Yevgeni Doqa, SSRİ Xalq artisti Lyudmila Rümina, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tacikistanın Xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev də çıxış edərək xoş arzularını çatdırıblar.

Prezident İlham Əliyev Azərbaycanda həmişə sənətə və sənət adamlarına hörmətlə yanaşıldığını bildirib, bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyinə və mədəniyyətlərarası əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib: “Bakı həmişə dostlarını qəbul edən, ağuşunu onlara geniş açan, qonaqpərvərliyi ilə seçilən şəhər olub. Bizdə hər il Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Biz tez-tez həm də multikulturalizm mövzusunda tədbirlər keçiririk. Bu yaxınlarda mənim fərmanımla Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu mövzu çox vacibdir. Mədəniyyətlərarası dialoq, bir ölkədə yaşayan müxtəlif xalqların, dinlərin və konfessiyaların nümayəndələri arasındakı münasibətlər uğurlu inkişafın rəhnidir. Buna görə də düşünürəm ki, Azərbaycanın bu istiqamətdəki irəliləyişi çox müsbət haldır”.

Sonda xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 3.