Bu günü ömrümün sonuna kimi unutmayacağam

 

Qafqaz Müsəlmanları İdarəsində Polad Bülbüloğlunun dini rəhbərlərlə görüşü keçirildi

 

Fevralın 5-də Qafqaz Müsəlmanları İdarəsində Xalq artisti, görkəmli musiqiçiictimai xadim, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə görüş keçirildi. Görüşdə ölkədəki dini icmaların rəhbərlər də iştirak edirdi.

 

Qurumun sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 70 illik yubileyi münasibətilə Polad Bülbüloğlunu təbrik edərək keçdiyi dolğun və mənalı ömür yolundan bəhs etdi, onun Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük xidmətləri olduğunu vurğuladı: “Uca Allahdan cənabınıza cansağlığı, uzun ömür və vətənimiz Azərbaycan naminə çoxşaxəli, nəcib fəaliyyətinizdə uğurlar diləyirik”.

O, Polad Bülbüloğlunun ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xəttin daşıyıcılarından biri kimi müstəqil dövlətçilik ənənələrimizi və milli maraqlarımızı dünya miqyasında şərəflə təmsil etdiyini vurğuladı. Şeyxülislam yubilyara Qurani-Kərim və hədiyyələr təqdim etdi.

Təbrikə görə minnətdarlığını bildirən Polad Bülbüloğlu Azərbaycan xalqının, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin onun fəaliyyətinə verdiyi qiymətin onda böyük ruh yüksəkliyi yaratdığını vurğuladı. Xalq artisti həyatında ulu öndər Heydər Əliyev məktəbini keçdiyinə, indi isə onun oğlu Prezident İlham Əliyevin rəhbərliyi altında səfir kimi fəaliyyət göstərdiyinə görə də özünü xoşbəxt saydığını əlavə etdi. O, bütün Qafqazın şeyxinin 20 Yanvar hadisələri vaxtı, Sovet İttifaqının dağılmasından sonrakı çətin illərdə Azərbaycan xalqı qarşısında böyük xidmətlərinin olduğunu bildirdi: “Mən bu günü ömrümün sonuna kimi unutmayacağam. Mən mənə verilən Qurana əl basıb deyirəm ki, xalqımın inkişafı üçün, Qarabağın qayıtması üçün əlimdən gələni edəcəyəm!"

Görüşdə iştirak edən digər dini icma rəhbərləri Xalq artisti Polad Bülbüloğlunun hələ uzun illər öncə Azərbaycanda və postsovet ölkələrində sevildiyini, daha sonra onun nazir və səfir kimi öz ölkəsi üçün böyük xidmətlər göstərdiyini dedilər, ona bundan sonrakı fəaliyyətində uğurlar arzuladılar.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Polad Bülbüloğlunu "Apostol Varfolomey" medalı ilə təltif etdi.

Avropa Yəhudiləri İcmasının sədri Gennadiy Zelmanoviç isə yubilyara yəhudilərin dini simvolu olan şamdan - "Merona" hədiyyə etdi.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 3.