Bölgələrdən paytaxta

 

Bakıda Xalq yaradıcılığı paytaxtlarının mədəni və turizm potensialına həsr olunmuş tədbirlər

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrası regionlarda milli folklor, sənətkarlıq və diyarşünaslığın qorunması, xalq yaradıcılığının təşviqi işinə əlavə təkan verib.

Bununla əlaqədar olaraq, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliği, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının "Bölgələrdən paytaxta" adlı mədəni tədbirlərinin təşkili nəzərdə tutulub.

Tədbirlər çərçivəsində regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının konsertləri, bölgələrin adət-ənənələri, tətbiqi sənəti, mətbəx nümunələri, sosial-iqtisadi inkişafı və turizm potensialını əks etdirən sərgilər keçiriləcək.

Mütəmadi olaraq keçiriləcək "Bölgələrdən paytaxta" adlı tədbir ardıcıllıqla Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarına həsr olunacaq. Masallıya həsr olunacaq ilk tədbir fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 2.