“Məni yaşadan sənətimə olan diqqətdir”

 

85 yaşlı Xalq artisti Əlibaba Məmmədov bu günMilli Konservatoriyada muğamatın sirlərini tələbələrinə öyrədir

 

Azərbaycan muğam ifaçılığı məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü, “İstiqlalordenli Əlibaba Məmmədovun fevralın 5-də 85 yaşı tamam oldu. Sənətkarla dərs dediyi Milli Konservatoriyada görüşdük. Tələbələrinə muğamın sirlərini sevərək, böyük həvəslə öyrətdiyinin şahidi olduq. Amma bu dərs digər dərslərdən fərqlənirdi. Çünki tələbələr ustad xanəndədən təkcə muğamın sirlərini deyil, həm də “həyat dərsi” almağa can atırdılar. Arada ağsaqqal məsləhəti, böyük nəsihəti ilə dərsi davam etdirən ustad xanəndə suallarımızı da cavablandırmağa vaxt ayırdı.

 

Ürək deyir, yaşa hələ

 

- Əlibaba müəllim, ilk növbədə sizi təbrik edir, cansağlığı arzulayırıq. Bu yaşınızda sizi tələbələrinizin əhatəsində görürük...

- Bu uşaqlar bizim gələcəyimizdir. Özünüzfikir verdiniz ki, dərslərimiz necə xoş və səmimi bir şəraitdə keçir. Müəllim-tələbə münasibətindən çox, bir ailənin hansısa məsələni müzakirə etməsinə bənzəyir. Necə ki, mənim bu gün Əlibaba kimi tanınmağımda ustadlarımın zəhməti olub, haqqı var, mən də öyrəndiklərimi gənc nəslə ötürməliyəm. Vaxt gələndə, bu sinifdə gördüyünüz uşaqlardan heç olmasa ikisi tanınmış xanəndə olub ənənəni gələn nəsillərə ötürsə, bu mənə bəsdir. Çünki xalq öz mədəniyyəti, mədəni irsi ilə tanınır. Muğam sənətimizi qorumaq bizim borcumuzdur. Bu yaşımda auditoriyada olmağımın da səbəbi sənətimə olan sonsuz sevgimdir. Tələbələrimə də deyirəm, sənətə ya gəlin, ya da gəlməyin. Sənəti sevəndə insan əsl sənətkar ola bilir. Əgər istedadın və sevgin yoxdursa, sən heç vaxt sevilən sənətkar ola bilməzsən.

- Vaxtilə neftçi olmaq arzunuz gerçəkləşmədi. Peşman deyilsiniz ki?

- Düzdür, neftçi olmaq istəyirdim. II Dünya müharibəsi qurtaran il (1945) Sabunçudakı Neft Texnikumuna daxil oldum. Qazmaçı sənətinə yiyələndim. Texnikumu bitirəndən sonra məni təyinatla ikiilliyə Türkmənistana göndərdilər. Müharibənin ağrı-acılı illərindən sonra oraya göndərilməyim vəziyyətim üçün əlverişli oldu. Çünki orada işləyən zaman bütün tələbatın ödənilirdi. Pal-paltar, yemək-içmək dövlətin hesabına idi. Amma ixtisaslaşıb mühəndis olmaq istəyim baş tutmadı. 1948-ci ildə Türkmənistanın Aşqabad şəhərində zəlzələ oldu. Bu hadisədən sonra mən Bakıya qayıtdım.

- Bəs neftçilikdən sənətə keçid necə baş verdi?

- 1949-cu il idi. O vaxtkı “26 Bakı Komissarı” mədəniyyət evinin qarşısından keçəndə “Gənc istedadlar axtarırıq” adlı müsabiqənin elanını gördüm. Uşaqlıqdan muğam aləmində böyümüş bir insan kimi Füzulinin qəzəllərindən çoxunu əzbər bilirdim, muğamlarımızı dost-tanış yanında oxuyurdum, nağarada ifa etməyi də bacarırdım. Bəzən el şənliklərində çıxış edirdim. Bir sözlə, az-çox öz gücümə inamım vardı. Müsabiqədə iştirak etmək qərarına gəldim. Münsiflər heyətinə Zülfi Adıgözəlov sədrlik edirdi. “Çahargah” və bir təsnif ifa etdim. Təsnifi özüm bəstələmişdim. Zülfi müəllim soruşanda ki, təsnifi haradan öyrənmisən, qorxumdan dedim əmimdən. Elə o gündən də məni filarmoniyaya solist kimi işə qəbul etdilər. Böyük sənətkarlarla tərəf-müqabil olmaq mənim üçün əlçatmaz bir arzu idi. Xan Şuşinski, Şövkət Ələkbərova, Fatma Mehrəliyeva kimi ustadlarla bir səhnəni bölüşürdüm. 1962-ci ildə filarmoniyanın direktoru, tanınmış bəstəkar Tofiq Quliyev mənim Əməkdar artist adı almağıma təqdimat verdi. Çünki həmin illərdə çox populyar idim. Afişam çıxandan iki saat sonra kassadan biletlər qurtarırdı. Musiqi təhsili almağımın da qəribə tarixçəsi var. Toyların birində bəstəkar Adil Gərayla görüşdük. O mənə dedi ki, yaxşı xanəndəsən, amma sənə təhsil lazımdır. 1953-cü ildə yollandım Asəf Zeynallı adına musiqi məktəbinə. Seyid Şuşinski, Əhmədxan Bakıxanov, Mirzə Mənsur mənə qulaq asdılar. İmtahandan sonra Seyid Şuşinski əsasını yerə vurub ucadan dedi ki, bu gündən gəl sinfə, dərslər başlayıb. Sinifdə 19 nəfər tələbə idik. Gələcəyin məşhur xanəndələri Qulu Əsgərov, Mais Salmanov, Nəriman Əliyev və başqaları. Hər birimizin sonradan yüzlərlə tələbəmiz olacaqdı...

- Muğam sənətinə marağınız haradan qaynaqlanırdı?

- Əmim Güləhməd Məmmədov o zaman Bakıda tanınan xanəndə idi. Kiçik yaşlarımdan Cabbar Qaryağdıoğlunu, Zülfi Adıgözəlovu, Mütəllim Mütəllimovu əmimgildə görmüşdüm. Onların söhbətinə saatlarla qulaq asmaqdan doymazdım. Evimizdə səs yazıları vardı. Bülbülü, Cabbarı dinləməkdən yorulmazdım. Heç vaxt da sözləri yazıb əzbərləməzdim. İlk dinlədiyimdən sözlər yadımda qalardı. Bəzən dostlarla toylara gedən zaman yolda mənə təqdim edilən qəzəli elə oradaca əzbərləyib toyda muğamla ifa edərdim. Bu gün dərs dediyim gənclərdən də tələbim budur. Söz ehtiyatları hədsiz kasaddır. Qəzəl, söz nədir bilmirlər. Xanəndə həm muğamı, həm də təsnifləri gözəl ifa etməyi bacarmalıdır. Bu sırada rəhmətlik Əbülfət Əliyev və Məmmədbağır Bağırzadəyə çatan xanəndə görmədim. Elə buna görə də çox istərdim ki, gənclər xalq mahnılarımızı ifa etsinlər. Cabbar Qaryağdıoğlunun müəllifi olduğu o qədər təsniflər var ki... Əfsus ki, unudulur, oxunmur.

- Dərslər zamanı bəstələrinizi tələbələrə öyrədirsinizmi?

- Düzü, bu günə kimi bir çox bəstələrim xalq mahnısı adı ilə tanınırdı. Amma bu günlərdə bütün bəstələrim Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə disk şəklində buraxılıb. 100 mahnım var və inanıram ki, muğamlarımız, xalq musiqimiz üzərində bəstələdiyim bu mahnılar muğamı öyrənən gənc nəslin marağına səbəb olacaq.

 

Muğamat var olan yerdə...

 

- 50 ildən artıqdır ki, dərs deyirsiniz. Bu müddətdə sizi təəccübləndirən tələbəniz olubmu?

- 22 il Bülbül adına orta ixtisas musiqi məktəbində, sonra da Asəf Zeynallı adına musiqi kollecində dərs demişəm. Bu günə kimi iki tələbəm əvəzsiz olub. Biri Məmmədbağır Bağırzadə, digəri isə Könül Qəmbərova. Könül hazırda kollecdə muğam dərsi deyir. Hələlik onların istedadından görə bilmədim. Qavramaritmi duyma qabiliyyətləri son dərəcə yüksək idi. Hazırda tələbəm Babək Quliyev belə bir istedada malikdir. Amma bir çox cavanlar sənətə şöhrət qazanmaqdan ötrü gəlir. Bu, yolverilməzdir. Sənətə gəlmisənsə, ona düzgün xidmət etməyi də bacarmalısan.

- Müasir muğamla ötən əsrin muğamı arasında fərq çoxdurmu?

- Bəli, fərq var. Müasir muğamımız çox təkmilləşib. Ötən əsrdə muğamda zil pərdələr əsas yeri tuturdusa, bu gün daha mükəmməl ifaların şahidi oluruq. Sonradan Zülfi, Mütəllim, Yaqub kimi xanəndələri dinlədikcə muğam da təkmilləşdi. Maye-ortaorta-zil oxuyanlar var. Bu iki xətti bir araya gətirən xanəndələrdən biriAlim Qasımovdur. Bu gün təkmilləşmiş muğamımızı ifa etməyi bacaran istedadlı xanəndələrimiz az deyil. Amma heyf ki, ötən əsrdəki həvəs bugünkü gənc xanəndələrdə yoxdur. Qəzəllərimiz bol, ədəbiyyatımız zəngin olsa da, nədənsə xanəndələrimiz tənbəldir, öyrənmək istəmirlər.

- Sənət yolunuza nəzər salanda narazı qaldığınız məqamlar varmı?

- İstər sənət, istərsə də şəxsi həyatımda heç vaxt heç nədən narazılığım olmayıb. Bu günə kimi nə şöhrət, nə də pul məni maraqlandırmayıb. Həmişə axtarışda olmuşam. Yazmışam, oxumuşam və bildiklərimi gənclərə öyrətmişəm. Bir sözlə, yalnız sənətimlə məşğul olmuşam. Allah məsləhət biləndə isə şöhrəti də, adı da, pulu da özü yetirib mənə. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündən qayıdanda mənə Ali Sovetin fəxri fərmanını verdilər, sonra Əməkdar artist və 1989-cu ildə isə Xalq artisti adına layiq görüldüm. Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatı ilə təltif olunmuşam. Bu gün muğamımıza olan diqqətin bir hissəsi də mənim yaradıcılığıma olan diqqətdir. Bəlkə də məni bu yaşa gətirib çıxaran bu diqqət və qayğıdır.

 

Unudulmaz nəğmələrin gecəsi”

 

Sənətkarın ad gününə hədiyyələrdən biri də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində təşkil edilən yubiley gecəsi oldu. “Unudulmaz nəğmələrin gecəsi” adlı tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri və yubilyarın tələbələri iştirak edirdilər.

      Gecədə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi ustad xanəndənin Azərbaycan muğamının tədrisi, təbliği sahəsində fəaliyyətindən söz açdı. Qeyd etdi ki, Əlibaba Məmmədov Milli Konservatoriyada xalq musiqisinin incəliklərini, klassik ədəbi nümunələri, milli musiqi xəzinəmizin zənginliklərini gənc nəslə öyrədir. Muğam sənətimizdə Əlibaba Məmmədovun xidmətləri əvəzsizdir. Sənətkarın ifasında lentə alınmış “Bayatı-Şiraz”, “Çahargah”, “Dəşti”, “Rahab”, “Şurkimi muğamlaronlarca başqa xalq mahnıları, təsniflər radionun “qızıl fondunda saxlanılır. Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə sənətkarın həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib.

Konsert proqramı ilə davam edən gecədə gənc xanəndələr böyük sənətkarın müəllifi olduğu mahnıları səsləndirdilər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 10.