Şahdağda bir qış günü...

 

İzləməyə getdiyimiz yarış təxirə düşsə də, səfərdən zəngin təəssüratla döndük

 

Fevralın 8-də Şahdağ Turizm Mərkəzində Red Bull Shakh Carpet ("Red Bull Şah Xalça) yarışmasını izləmək üçün bir qrup media nümayəndəsi ilə birlikdə kompleksə səfər etdik. Red Bull şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə keçirilməsi nəzərdə tutulan yarışa böyük maraq vardı.

 

Red Bull şirkətinin nümayəndəsi Natia Amiridze oyun barədə məlumat verərək bildirdi ki, yarışmada dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunmuş iştirakçılar müəyyən olunan məsafəni qət edərək hovuza tullanırlar. Əsas budur ki, iştirakçıların müsabiqə üçün düzəltdikləri hərəkət vasitələrində xalça elementləri olsun. İştirakçılar düzəltdikləri qurğuya ad fikirləşməli və ona uyğun şən əhval doğuran geyimlər hazırlamalıdırlar. Oyunda qaliblər üç meyar üzrə müəyyən edilir: ən yaxşı tullanma, kostyumların və çıxışın kreativliyi, tamaşaçı simpatiyası. Yarışmada iştirak etmək üçün hər biri 2-3 nəfərdən ibarət 20 komanda seçilmişdi.

Amma hər kəsin maraq və həyəcanla gözlədiyi xalçalı yarış əlverişsiz hava şəraiti səbəbindən gerçəkləşmədi. Şirkət nümayəndəsi bildirdi ki, dumanlı hava həm iştirakçıların təhlükəsizliyi baxımından, həm də oyunun qaydalarının tam həyata keçirilməsi baxımdan əlverişsizdir. Onun sözlərinə görə, Red Bull Shakh Carpet oyunu uyğun hava şəraitində mütləq reallaşdırılacaq.

 

Xidmət çox gözəldir, Azərbaycan qonaqpərvərliyi də öz yerində

 

Bu mənim Şahdağa ilk səfərim idi. Odur ki, fürsətdən istifadə edib ərazini gəzmək, təqdim edilən xidmətlərlə tanış olmaq, qonaqların təəssüratlarını öyrənmək qərarına gəldim.

Əvvəlcə onu deyim ki, həmin gün mərkəzə çoxlu sayda qış turizmi həvəskarı gəlmişdi bunu müxtəlif turist qruplarını gətirən avtobusların şəxsi avtomobillərin uzun tıxacından da görmək mümkün idi.

Zirvə hotelinin ətrafında isə əsl qələbəlik idi. Burada hər yaşda insana rast gəlmək olardı: uşaqlar, gənclər, hətta yaşlı adamlar da bu dağ-xizək mərkəzinin verdiyi imkanlardan yararlanmağa çalışırdı. Qonaqlar arasında əcnəbilər çox idi. Onlardan biri ilə həmsöhbət olduq. Kristof Böyük Britaniya vətəndaşıdır. Bakıda tanınmış şirkətlərdən birində çalışır. Dediyinə görə, mövsüm başlayandan artıq 4-cü dəfədir bura gəlir, 2 dəfə Tufandağ kompleksində olub: Mən gəzməyi çox sevirəm. Hər fəslin öz məşğuliyyəti var. Qışınkı da xizəklə sürüşməkdir. Yeddi ildir işimlə əlaqədar Azərbaycanda yaşayıram. Əvvəllər belə xizək mərkəzləri olmadığından qış mənim üçün darıxdırıcı keçirdi. Tətillərdə xizəklə sürüşmək üçün Amerikaya, Kanadaya, Türkiyəyə gedirdim. Artıq iki ildir heç bir yerə getmirəm, çalışıram istirahət günlərimi burada keçirim. Xidmət çox gözəldir, təbii ki, Azərbaycan qonaqpərvərliyi öz yerində.

Zarina Musayeva isə Bakı sakinidir, istirahətə ailəvi gəliblər. Şahdağ kompleksi açılan gündən buranın daimi müştərisidir. Dediyinə görə, xizək sürmək onun ən çox sevdiyi məşğuliyyətdir. Ona görə fürsət tapan kimi bura gəlir. Zarina xanım kompleksdəki qiymətlərdən narazı deyil. Hərçənd buradakı qiymətlər xariclə müqayisədə bahadır, amma ümumən normaldır. Xidmətdən isə şikayəti yoxdur. Onun fikrincə, Şahdağda xidmət yüksək səviyyədədir.

Diqqətimizi dörd nəfər yaşlı xanım cəlb edir. Yaxınlaşıb özümüzü təqdim edirik, təəssüratlarını öyrənmək istədiyimizi deyirik. Razılaşırlar ki, qrupun rəhbəri kimi Rəna Mehdiyeva danışsın. Rəna xanım Bakıda yaşadıqlarını, müəllimə olduqlarını, artıq təqaüdə çıxdıqlarını deyir. Həmsöhbətimiz buraya daha çox təmiz havada gəzmək üçün gəldiklərini söyləyir: Bakıda qar üzünə həsrətik, yağanda da o qədər problem çıxır ki, arzuladığına da peşman olursan. O üzdən rəfiqələrimlə imkan olan kimi gəlirik buraya.

 

İnsanlar buraya təkrar-təkrar gəlməkdən yorulmurlar

 

Hotelin ərazisindəki böyük meydan turistlərlə dolu idi. Buraya yalnız xizəklə daxil olmaq mümkündür. Xizəkdən istifadə edə bilməyənlərə təlimçilər kömək edir. Təlimçilərin bəziləri xaricdən dəvət edilib. Onlardan biri Ukrayna vətəndaşı Aleysa Pavlovadır. Şahdağ rəhbərliyinin dəvəti ilə burada ötən ildən çalışan Aleysa bildirdi ki, valideynləri Ukraynada yaşayır, onlara hər ay pul göndərir.

Dediyinə görə, indiyə qədər bir çox ölkələrin dağ-xizək mərkəzlərində olub. Burada az müddətdə yaradılan şəraitin təqdim edilən xidmətin keyfiyyətindən danışan həmsöhbətimiz qeyd etdi ki, cəmi bir neçə ildən sonra Şahdağ regionun ən böyük xizək mərkəzi olacaq: İnsanların bu turizm növünə marağı məni məmnun edir. Mövsüm başlayandan həftənin bütün günləri bura gələn olur. Bizim demək olar ki, boş vaxtımız olmur. İnsanlar buraya təkrar-təkrar gəlməkdən yorulmurlar.

Aleysa Azərbaycanda hələlik sadəcə Bakını Şahdağı gördüyünü deyir: Hələ ki işim çoxdur, gəzməyə vaxtım yoxdur. Amma digər məkanlara da turist kimi gedəcəyəm.

Şahdağda istirahət yalnız sürüşməklə bitmir. Burada DJ-lərin təqdim etdikləri musiqilər nəinki gənclər, orta yaşlı nəslin nümayəndələri üçün maraqlı əyləncədir. Soyuq havada rəqs etməyin isə ayrı bir ləzzəti var.

 

Şahdağ bir dəfəyə 10 minə yaxın turisti qarşılamaq gücündədir

 

Komplekslə bağlı ümumi məlumatları əldə etmək üçün Şahdağ Turizm Mərkəzi İdarəsinin müştərilərlə şöbəsinin müdiri Aygün Həsənova ilə həmsöhbət oluruq. Onun sözlərinə görə, həftəsonu qonaqlar daha çox olur, xaricilər isə əsasən bazar günləri gəlir: Adətən həftəsonu 2 mindən yuxarı turist qəbul edirik, amma belə yarışlarda gələnlər lap çox olur. Ötən həftə Jaguar Snow Bowling ekstremal yarışı keçirilirdi. 3 mindən artıq turist gəlmişdi. Sevindirici haldır ki, bir çox müştərilərimiz artıq öz xizəkləri ilə gəlirlər. Bu isə insanlarda bu istirahət növünə marağın artmasının göstəricisidir. Əksər insanlar özləri xizək sürə bilirlər, hələ üstəlik kimlərisə öyrədirlər . Ölkə rəhbərliyinin yüksək qayğısı sayəsində Azərbaycanda turizm idman inkişaf edir. Düşünürəm ki, gələcəkdə bu ekstremal turizm növü Azərbaycanda populyar çox sevilən turizm istiqaməti olacaq. Gələn qonaqları lazımi miqdarda xizəklə digər avadanlıqlarla təchiz etmək imkanımız var. Həftənin son üç günündə hotellərimiz demək olar ki, tamamilə dolu olur.

Həmsöhbətim deyir ki, hazırda kompleks ərazisində 4 hotel fəaliyyət göstərir. Bu hotellərdə 6 min nəfərin gecələməsi üçün şərait mövcuddur. Ümumilikdə isə mərkəz bir dəfəyə 10 min nəfərə yaxın turisti qarşılamaq gücündədir. Burada Azərbaycanda ən böyük Ovdan SPA mərkəzi, ikisi bağlı, biri açıq havada olmaqla, üç hovuz turistlərin ixtiyarındadır. Kompleksin 20-yə yaxın restoranında Azərbaycan mətbəxi ilə yanaşı, dünya mətbəxi təqdim edilir.

Qeyd edək ki, inşasına 2009-cu ilin sentyabrında başlanılan Şahdağ Turizm Mərkəzi Qusar rayonunda Şahdağ Milli Parkının ərazisində, dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdə yerləşir. Ümumi ərazisi 2058 hektar olan kompleks Azərbaycanda ilk dağ-xizək turizm mərkəzidir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 9.