Azərbaycan-Misir turizm əlaqələri müzakirə olunub

 

Əsas müzakirə mövzusu Bakı-Şarm əl-Şeyx birbaşa aviareysinin açılmasıdır

 

Fevralın 9-da Mədəniyyət və Turizm Nazirliyində Misir turizm nazirinin müşaviri Sameh Saad ilə görüş keçirilib. Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə görüşən qonaq aparılan müzakirələr barədə jurnalistlərə açıqlama verdi.

 

Sameh Saad bildirdi ki, Misir öz turistləri üçün Azərbaycanı yeni turizm istiqaməti hesab edir. Misir tərəfi eyni zamanda daha çox azərbaycanlı turist qəbul etməkdə maraqlıdır: İki ölkə arasında turist mübadiləsi üçün birbaşa aviasiya əlaqəsini nizamlamaq lazımdır. Bu, hər iki tərəf üçün prioritet məsələlərdən biridir.

Qonaq diqqətə çatdırdı ki, Misirin EgAz tours şirkəti birbaşa aviareys açılması təşəbbüsü ilə çıxış edib və keçən ilin sonunda azərbaycanlı turistlərin Şarm əl-Şeyxə səfəri təşkil edilib. Şirkətin bu təşəbbüsü hər iki ölkənin müvafiq idarələri tərəfindən dəstəklənib: Aviareys açılması və Azərbaycandan olan turistlərə xidmətlər təqdim edilməsi planları ötən ilin avqust ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyətinin Misirə səfəri zamanı müzakirə olunmuşdu. Bizim Bakıya səfərimiz həmin danışıqların davamıdır.

Hər il milyonlarla azərbaycanlı turistin istirahət üçün xaricə getdiyini deyən qonaq bu faktın Misirin turizm şirkətlərinin də diqqətini cəlb etdiyini dedi: Ona görə də Misir tərəfi bu potensialdan istifadə etmək niyyətindədir.

Azərbaycanlı turistləri Sinay yarımadasında qəbul etməyi planlaşdıran EgAz tours şirkətinin fəaliyyətinə toxunan Sameh Saad bildirdi ki, şirkət 15 ən yaxşı hoteli münasib qiymətlərlə onlara təqdim etməyə hazırdır: Burada lüks sinfinə aid hotellər də var, turistlərin büdcələrinə uyğun hotellər də. Azərbaycanlı jurnalistlər Şarm-əl-Şeyxdə tanışlıq turunda olarkən EgAz tours şirkəti onları yarımadanın turizm imkanları ilə tanış edib. Eyni zamanda Bakıda I Avropa Oyunlarının keçirilməsi misirlilərin ölkənizə marağını daha da artırır. Bir sözlə, Bakıdan Şarm-əl-Şeyxə birbaşa aviareys açılması hər iki tərəf üçün sərfəli olacaq.

Bu məsələni Azərbaycanın müvafiq qurumları ilə müzakirə etmək niyyətində olduğunu deyən Misir Turizm Nazirliyinin nümayəndəsi vurğuladı ki, birbaşa aviareysin açılması həm də Sinay yarımadası ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradacaq. O, turistlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini bir daha diqqətə çatdırdı.

Qeyd edək ki, Misirin Sinay yarımadası, o cümlədən Şarm-əl-Şeyx şəhəri dünyanın populyar turizm istiqamətlərinin siyahısında yer tutur. Eləcə də Azərbaycanın inkişaf edən turizm infrastrukturu, əlverişli təbii şəraiti və mədəni irsi hər il daha çox xarici turisti ölkəmizə cəlb edir.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 8.