Bakıda beynəlxalq uşaq kino məktəbi yaradılır

 

Fevralın 7-də Nizami Kino Mərkəzində Bakı Avropa Liseyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiTokyo Cinema kinostudiyasının birgə layihəsi olan beynəlxalq uşaq kino məktəbinin təqdimat mərasimi olub.

 

Tədbiri ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq bu ideyanın yaranmasından, layihənin məqsəd və vəzifələrindən danışıb. Məktəbdə ADMİU-nun bu sahədə təcrübəli müəllimlərinin, eləcə də xarici mütəxəssislərin dərslər keçəcəyini deyən rektor layihənin kino kadrlarının yetişməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev belə bir təşəbbüsü yüksək qiymətləndirərək, məktəbin uşaqlarda yeni düşüncə tərzinin formalaşdırılmasında əhəmiyyətindən danışıb, təşkilatçılara uğurlar arzulayıb.

Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova qeyd edib ki, məktəb uşaqların kinoya, sənətə olan böyük marağından yaranıb. Direktor Tokyo-Bakı-Cinema uşaq məktəbinin özəlliyindən danışaraq, layihənin istedadlı uşaqların üzə çıxarılmasında böyük rol oynayacağını deyib. O, ADMİU-nun, kino mütəxəssislərinin layihədə iştirakına görə təşəkkürünü bildirib.

Tədbirdə Tokyo Cinema kinostudiyasının direktoru Kazo Okadanın video-müraciəti nümayiş olunub. O da layihənin əhəmiyyətindən, kino dilinin kiçik yaşlardan öyrənilməsinin vacibliyindən danışıb.

ADMİU-nun müəllimləri - kinoaktrisa, Xalq artisti Həmidə Ömərova, kinorejissor, Xalq artisti Yalçın Əfəndiyev, kinooperator, Əməkdar incəsənət xadimi Rafiq Quliyev və Əməkdar artist Ayan Mirqasımova da çıxış edərək layihənin uşaqların zövqünün formalaşmasında, gələcəkdə kino mütəxəssisi kimi yetişməsində əhəmiyyətindən danışıblar.

Tədbir lisey şagirdlərinin hazırladığı çıxış və musiqi parçası ilə sona çatıb.

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 4.