“Bölgələrdən paytaxta

 

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi üzrə ilk olaraq Masallı rayonunun təqdimatı keçirildi

 

Fevralın 10-da Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsinə start verildi.

 

Layihənin məqsədi Azərbaycan mədəniyyətinin tariximüasir zənginliklərini, regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, el sənətkarlığını, regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının çıxışlarını nümayiş etdirmək, turizm imkanlarını təbliğ etməkdir.

Layihə çərçivəsində Masallı rayonuna həsr olunmuş ilk tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında reallaşdı.

Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində Masallı rayonunun sosial-iqtisadi inkişafını, mədəni irsini, mətbəxini, dekorativ-tətbiqi sənət ustalarının əl işlərini, turizm potensialını əks etdirən sərgi ilə tanış oldular.

Stendlərdə Masallı rayonunda istehsal olunan tikinti materialları, məişət əşyaları nümunələri, əl işləri nümayiş olunurdu. Həmçinin rayonda istehsal olunan kənd təsərrüfatı mallarına və bölgənin zəngin mətbəxinə də xüsusi yer verilmişdi.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Regionların sosial-iqtisadi inkişafına təkan verən dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.

 

    

 

Nazir bildirdi ki, yeni layihə Azərbaycan mədəniyyətinin inkişafı konsepsiyası çərçivəsində həyata keçirilir: “Cənab Prezident İlham Əliyevin tapşırığı ilə həm paytaxtda, həm bölgələrdə böyük layihələr həyata keçirilir, yenidənqurma işləri görülür, şəhərlərimiz, rayonlarımız abadlaşır. Görülən işlərin müqabilində mədəni xidmətlərin də səviyyəsi yüksəlməli və müasir dövrün tələblərinə cavab verməlidir. “Bölgələrdən paytaxta” layihəsi bölgələrimizin mədəni həyatını nümayiş etdirməyə, hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa imkan verəcək. İnanıram ki, bu yeni layihə, sözün əsl mənasında, Azərbaycan mədəniyyətinin, incəsənətinin, xalq yaradıcılığının təntənəsinə çevriləcək”.

Əbülfəs Qarayev qeyd etdi ki, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə də beynəlxalq səviyyəli tədbirlər keçirilir. Masallı rayonu da müxtəlif tədbirlərə ev sahibliyi edir: “Artıq üç ildir ki, Masallıda beynəlxalq folklor festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyibu festivala dəstək verərək, onun yüksək səviyyədə keçirilməsinə öz köməkliyini göstərir. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Müxtəlif ölkələrin Azərbaycanda mədəniyyət günləri keçirilir. Eyni zamanda Azərbaycan mədəniyyəti də xaricdə layiqincə təbliğ olunur. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var”.

“Bölgələrdən paytaxta” layihəsinə uğurlar arzu edən nazir ümidvar olduğunu bildirdi ki, bu layihə yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinin dünya arenasında təbliğinə töhfə olacaq.

 

    

 

Sonra tədbir “Masallının incəsənət ustaları” adlı konsert proqramı ilə davam etdi.

Proqramda Nizami Gəncəvi adına rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən “Masallı”, “Həcər” və “Halay” rəqs qrupları, respublika müsabiqələri laureatı Miriş Hüseynov, müğənni Atamoğlan Zahidov, muğam ustası Nəriman Mirzəyev, gənc müğənni Aysel Nərimanova və başqaları çıxış etdilər. Rayonun musiqi kollektivləri və incəsənət ustalarının çıxışları alqışlarla qarşılandı.

Qeyd edək ki, “Bölgələrdən paytaxta” layihəsi üzrə növbəti təqdimatlar Gəncə şəhəri, Şəki, Lənkəran, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeron rayonlarına həsr olunacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 2.