“Dədə Günəş” qoynunda uyuyan təbib

 

Xaqani Şirvaninin əmisi Ömər Kafiəddin mədəniyyət və elm adamı kimi də tanınıb

 

Orta əsrlərdə Azərbaycan elminin, mədəniyyətinin inkişafında rol oynayan şəxsiyyətlər arasında böyük şair Xaqani Şirvaninin əmisi Mirzə Kafiəddin Ömər Osman oğlunun xüsusi yeri var. O, Şamaxı şəhərində yaratdığı təbabət ocağı ilə də məşhur olub.

 

Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şamaxıda anadan olduğu bildirilir. O, dövrünün görkəmli şəxsiyyəti kimi şöhrəti Azərbaycanın hüdudlarından çox-çox uzaqlara gedib çatıb. Kafiəddin fitri istedadı sayəsində fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimyafarmakologiya elmlərinə vaqif olub. Mədrəsədə dərs deyib. Xaqani Şirvani onun haqqında yazıb: “Əmim mədəniyyət və elm adamı idi. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi, mən də onun sayəsində ucaldım. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir. Demək olar ki, o öz dövrünün Ərəstunudur”.

Şair “Töhfətül-İraqeyn” poemasında əmisinin onun taleyində oynadığı mühüm rola diqqət çəkir. Ona hesab, hüsnxət öyrətməsi, Quranı başa çatdırması, sonra kitabxanaya gətirməsi, Quranın on dörd sirrini aydınlaşdırması, həm dayəsi, həm müəllimi, həm də böyük ustadı olduğunu vurğulayır:

 

Ömər ibn Osman sayəsində mən

Yetimlik divinin qaçdım əlindən.

Odur, bil, böyüyüm, yol göstərənim,

Tərbiyə verənim - əmimdir mənim.

 

Xaqani başqa bir əsərində də əmisindən bəhs edərək yazır: “O mənə çox asan bir yolla başa saldı ki, “bir”, “iki”, ”üç”, “dörd”,”beş” nə deməkdir. “Beş”- hissiyyat üzvləridir, “dörd ”- dünyadakı başlanğıclar - su, hava, od və torpaqdır, “üç”- qeyri-üzvi təbiətdir, “iki” - cisimruhdur, “bir ”- Allahdır”.

Belə bir rəvayət danışılır ki, Ömər Kafiəddin müalicə mərkəzi yaratmaq fikrinə düşərkən şagirdlərinə bir neçə qoyun kəsib Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən asmağı tapşırır. Bir həftədən sonra atla həmin yerləri gəzir. Görür ki, hər yerdə cəmdəklər korlanıb. Bircə Məlhəm adlanan yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilib. Kafiəddin belə qərara gəlir ki, Məlhəmdə hava nəinki çox təmizdir, həm də müalicəvi əhəmiyyət daşıyır. Buna görə də o özünün sağlamlıq mərkəzini məhz həmin yerdə qurur. Müalicə, dərman istehsalı və həkim hazırlığı ilə məşğul olan tanınmış təbibləri öz yanında işləməyə dəvət edir. O, gözəl həkim, cərrah olmaqla bərabər, həm də əczaçı kimi fəaliyyət göstərib. Mənbələrdə o da qeyd olunur ki, Kafiəddinə oğlu Vəhidəddin Osman da böyük köməklik göstərib. Osman ensiklopedik biliyə malik yaxşı həkim, cərrah və əczaçı olub. O həmçinin kamil filosof, ilahiyyatçı və şair kimi də tanınıb. Bundan başqa Osmanın musiqi istedadı varmış. Musiqi nəzəriyyəsini yaxşı bilibmüasir orqanın atası sayılan ərkənun alətində ustalıqla ifa edərmiş. Vəhidəddin Osman Xaqaninin tərbiyəsində də fəal iştirak edib. Hətta Xaqaninin musiqi təhsilini Osmandan aldığı da bildirilir.

Ömər Kafiəddinin şöhrəti qonşu ölkələrdə, hətta Bağdada belə yayılıbmış. Yazılanlardan aydın olur ki, o, Bağdadda da yaşayıb, fəaliyyət göstərib. Dövrünün tanınmış təbibi Mahmud ibn İlyas səyahətlərinin birinin təsvirində yazır: “Kafiəddinlə görüşmək, nəsihətlərini yada salmaq məqsədilə yolüstü Bağdadda böyük həmyerlimə baş çəkdim. Şirvan haqqında xatirələr bizim üçün həmişə xoşdur”.

Osman Kafiəddin 1150-ci ildə dünyasını dəyişir. Şamaxı şəhərinə yaxın yaşıl bir yamacda böyük hörmət və izzətlə dəfn olunur.

Xaqani Şirvani əmisinin vəfatından çox kədərlənir. Bu itkidən təsirlənərək bir mərsiyə yazır:

 

Aman! Getdi filosofu yer üzünün bu dünyadan,

Açan məna göylərinin qapısını getdi, aman!

Onun ruhu yüksələrək qayıtdı öz məkanına,

Dön geriyə!” söyləmişdi yəqin fələk ona bu an.

Ey Xaqani, əmin üçün matəm saxla, göz yaşı tök,

Çünki əmin yetişdirib etdi səni qabil insan.

 

Osman Kafiəddinin dəfn olunduğu yamac daim günəş şüaları altında isinir. Sonralar həmin yer müqəddəs məkan kimi tanınır, məzarı ziyarətgaha çevrilir. Vaxtilə xalq arasında Kafiəddinədədədeyə müraciət olunub. Dəfn olunduğu həmin yamac sonralarDədə Günəşadlandırılıb. Bu ad günümüzə qədər gəlib çatıb. El arasında daha bir deyim onun adı ilə bağlanıb. Adamları bat-bat otundan çəkindirmək məqsədilə işlədilən həmin fikir indi yaşayır: “Sən Dədə kimi bu otla oynama. Zəhərlidir, at getsin!”

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 15.