Abşeronda ədəbi-musiqili görüş

 

Fevralın 7-də Abşeron rayon Mərkəzi kitabxanasında rayon Mədəniyyət mərkəzi ilə birlikdə yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Seyidzadənin 75 illiyi münasibətilə görüş keçirildi. Tədbirdə müəllifin kitablarından və məqalələri çap olunmuş jurnal və qəzetlərdən ibarət sərgi təşkil edilmişdi.

Görüşü Abşeron MKS-nin direktoru, AYB-nin üzvü, şair Məlahət Yusifqızı açaraq Tofiq Seyidzadənin həyat və yaradıcılığı barədə geniş məlumat verdi. ADPU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru İbadulla Məmmədov, Mədəniyyət mərkəzinin direktoru, “Çıraq” poeziya klubunun katibi Məmmədkərim Səmədov, əmək veteranı Valeh Hüseynov, “Çıraq” poeziya klubu və “Od parçası” ədəbi məclisinin üzvləri və digər çıxış edənlər yubilyara təbriklərini çatdırdılar.

Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Şükufə Musayeva, Mədəniyyət mərkəzinin əməkdaşı Hürü Səmədova, məktəblilər İbrahimCavid Hüseynzadələr, Zəka Seyidzadə Tofiq Seyidzadənin tərtib etdiyi “Sədərək şairləri” kitabından nümunələr və aşıq Yusif Cəfərovun şeirlərini səsləndirdilər.

Xırdalan uşaq musiqi məktəbinin müəllimləri İlyas Nurlu (tar), Niyaməddin Allahverdiyev (kamança) və Asif Məmmədlinin (nağara) müşayiəti ilə xanəndə, Mədəniyyət mərkəzinin mədəni-kütləvi təşkilatçısı Təyyar Mirzəyev, mərkəzin metodisti, müğənni Afət Nəbiyeva və xanəndə Qoşqar Dağlaroğlunun oxuduğu muğam və təsniflər tədbirə rəng qatdı. Tələbə Orxan Yusifoğlunun ifasında saz havaları səsləndi.

 

Aysel Abdullayeva

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 12.