Ölkəmiz Minsk kitab sərgi-yarmarkasında təmsil olunur

 

Fevralın 11-də 22-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan nəşrləri də sərgidə nümayiş etdirilir. Mədəniyyət və Turizm Nazirliyi artıq doqquzuncu dəfədir Minsk sərgisinə qatılır.

 

Nazirliklə yanaşı, builki sərgidə ölkəmizi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və “Hədəf” nəşriyyatı da təmsil edir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Aparatı rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov, Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin əməkdaşı Elbəy Əli, şair-tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu, Tərcümə Mərkəzi Aparatının rəhbəri Yaşar Əliyev, mərkəzin əməkdaşı Mahir Qarayev, eləcə də “Hədəf” nəşriyyatının əməkdaşları Şamil Sadıqov, Amil Həsənov, Elvin Əliyev iştirak edirlər.

Builki sərginin fəxri qonağı Çin Xalq Respublikasıdır. Sərginin açılış mərasimində Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun müraciəti oxunub, Belarusun informasiya naziri Liliya Ananiç, Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Çin Xalq Respublikası nümayəndə heyətinin rəhbəri Yan Syaox və digər rəsmi şəxslər çıxış ediblər.

Sərgi zalındakı Azərbaycan guşəsində 200 adda çap məhsulları nümayiş olunur. Sərgiyə gələnlər stendimizdə yer alan kitablarla maraqla tanış olurlar. Ziyarətçilərə ölkəmizin turizm imkanları və ilk Avropa Oyunları haqqında çoxlu sayda təbliğat materialları paylanılır.

Sərgi çərçivəsində "Yazıçı və zaman" mövzusunda ədiblərin beynəlxalq simpoziumu keçirilib. Tədbirdə ölkəmizi şair-tərcüməçi Çingiz Əlioğlu təmsil edib. Sərgi fevralın 15-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 8.