Mədəniyyət, ədəbiyyat gəncliyə ərməğan edəcəyimiz ən önəmli mirasdır”

 

Türk dünyasına açılma və türksoylu ölkələrlə mədəniyyət, sənət və ədəbiyyat sahəsində işbirliyi layihəsinə ilk olaraq Azərbaycandan başladıq”

 

Ötən həftə Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə qardaş ölkənin Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin (İLESAM) baş direktoru Mehmet Nuri Parmaksız və onun müavini, Türkiyənin tanınmış şairəsi İlter Yeşilay Bakıda səfərdə oldular. Səfər çərçivəsində qonaqlar müxtəlif qurumlarda görüşlər keçirdilər, mədəni, ədəbi əlaqələr müzakirə olundu.

İlter Yeşilayla söhbətimizdə bu mövzu ilə yanaşı, onun ədəbi yaradıcılığına toxunduq.

 

- İlter xanım, Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) nə zaman yaranıb, qarşıya qoyduğu əsas hədəflər nədir?

- Qurum 1986-cı ildə yaranıb. Hazırda Türkiyənin 81 bölgəsində təmsilçiliklərimiz, şöbələrimiz fəaliyyət göstərir, alimlərdən, ədəbiyyatçılardan ibarət 3 mindən çox üzvümüz var. Biz Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə bağlı olaraq çalışırıq. Üzvlərimizin müəllif hüquqlarını qorumaqla yanaşı, türk mədəniyyətinə, ədəbiyyatına, teatrına, kinosuna da xidmət edirik. Bu il çoxdan bəri üzərində işlədiyimiz türk dünyasına açılma və türksoylu ölkələrlə mədəniyyət, sənət və ədəbiyyat sahəsində işbirliyi layihəsini həyata keçirməyə başlamışıq. Qurum olaraq beynəlxalq aləmə çıxdıq və bunu qardaş Azərbaycandan başladıq.

- Səfər müddətində hansı görüşlər keçirildi?

- Bir çox görüşlərimiz oldu. Azərbaycan Yazıçılar Birliyi ilə bir protokol imzaladıq. Sənədi AYB-nin sədri, Xalq yazıçısı Anar və İLESAM-ın direktoru Mehmet Nuri Parmaksız imzaladı. Müqavilədə ədəbiyyat sahəsində hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və nəşri, “XXI əsr Türkiyə-Azərbaycan şeir və hekayə antologiyası”nın birlikdə hazırlanması və digər məsələlər nəzərdə tutulub. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla görüşdük, ölkələrimizdə elm və ədəbiyyat sahəsində vəziyyət, müəlliflik hüquqlarının qorunması ilə bağlı fikir mübadiləsi apardıq. Həm də fürsətdən istifadə edib Milli Kitabxana ilə yaxından tanış olduq.

Bundan başqa, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə görüşlərimiz oldu. Ümumiyyətlə, 4 gün ərzində 10 qurumla görüş keçirdik. Firəngiz xanımla görüşdə qeyd etdik ki, ən gözəl məqam musiqinin universallığında ölkələrin bir araya gəlməsidir. Bununla bağlı Türkiyədə öz qurumumuzda mahnı-söz yarışması keçirəcəyik. Əslində, bu mənim ideyamdır. Yarışmada seçiləcək 6 ən yaxşı şeiri Azərbaycan Bəstəkarlar İttifaqına göndərəcəyik, bu şeirlərə mahnı bəstələnəcək. Eyni zamanda Azərbaycan tərəfi 6 şeiri bəstələmək üçün seçib bizə göndərəcək. Yaxın gələcəkdə isə Türkiyədə və Azərbaycanda iki konsert təşkil etməyi düşünürük. Bununla da ölkələrimizin, xalqlarımızın duyğusunu musiqidə birləşdirmək istəyirik. Gələcəkdə bu layihəni bütün türk dünyasında reallaşdırmağı planlaşdırırıq. Məqsədimiz soy-kök, dil, din bağlarını daha da möhkəmləndirməkdir.

Kitabxanalarla bağlı da ortaq layihələrimiz olacaq. Düşünürəm ki, 2015-ci ildə 4-5 kitab nəşr edə biləcəyik. Burada keçirdiyimiz görüşlərin nəticəsi olaraq şair və yazarlarımızı bir-birimizə daha yaxından tanıdacağıq. Bir sözlə, səfərimiz iki ölkə arasında bir çox layihələrin həyata keçirilməsi və işbirliyi baxımından uğurlu oldu. Bu işlərdə özümüz də fəal olmalıyıq, hər şeyi dövlətdən gözləmək olmaz.

- İlter xanım, siz həm də Türkiyədə tanınmış şairəsiniz. Bir sıra mükafatlara layiq görülmüsünüz, şeirlərinizə bəstələnmiş mahnıları məşhur sənətçilər ifa edir. Nə zaman dərk etdiniz ki, artıq şeriyyətə, ədəbiyyata bağlanmısınız?

- Mən uşaqlıqdan şeir yazıram. Atam sənətə çox hörmətlə yanaşan bir insan idiözü də şeirlər yazırdı. Məndən başqa iki bacım da şeir yazıb, amma bu işə ən çox könül verən mən oldum. Hələ orta məktəbdə oxuduğum illərdə "Doğan Kardeş" uşaq jurnalında şeirlərim çap olundu. Xatırlayıram ki, liseydə təhsil aldığım zaman isə "Ana" mövzusunda bir şeir yarışı düzənləndi. Mən yarışda mükafata layiq görüldüm. Bu hadisə mənə öz yolumu seçməkdə çox kömək etdişeir artıq qəlbimin sahibi oldu. Getdikcə həyata şeir kimi baxmağı, şeir kimi görməyi öyrəndim. Çox dəyərli insanlarla tanış oldum. Rəhmətlik Ərdoğan Berker, Avni Anil, Bilge Özge, ustad Cemal Safibir çox sənətçilərlə tanışlığım məni daha da zənginləşdirirdi. Çox çalışdım. Bəzən yorulsam da, məni motivasiya edən sənətimə olan sevgimdir. Mən bir yerdə dayanmağı sevməyən insanam. Ötən bu müddət ərzində irəliləyərkən ağlımda inandığım bir məqam vardı: şeir mənim üçün insanın dünyasında və dünyanın yaradılışında saf, qatqısız duyğular bütününə varmaq üçün qət edilən sirli bir yoldur və mən bu yolu ən doğru şəkildə qət edərək o saflığa çatmalıydım.

- İlk şeirinizi necə, xatırlayırsınızmı?

- Çox yaxşı xatırlayıram. Atam bizim həyatın gerçəkləri mövzusunda fərqli olmağımıza çalışır, eyni zamanda xəyal dünyamızı da anlatdığı hekayələrlə, aldığı kitablarla böyüdürdü. Düşündüklərimi yazmaq üçün mənə çəhrayı dəftər və qələm almışdı. 8 yaşında idimbir gün qonşularla təbiət qoynuna istirahətə çıxmışdıq. Hər kəs yeməyə hazırlaşarkən mən babamla gəzməyə başladım. Ətraf gül-çiçək idi. Bu zaman bir çiçəyin üzərində arı gördüm, arı iynəsini ona batırınca çiçəyin ağrıdığını və öldüyünü düşündüm. Bundan çox təsirləndim. Axşam evə gələndə şeir dəftərimə “Çiçəklə arı” adlı şeir yazdım. Atam çox bəyəndi və bu mənim ilk yazdığım şeirdir.

- Azərbaycan ədəbiyyatına, poeziyasına marağınız necədir?

- Biz Azərbaycanda şeirin çox yüksək səviyyədə olduğunu bilirik, bir çox şairləri tanıyırıq. Azərbaycan şeirini dinlədikcə ruhumuz bədənimizdən ayrılır, deyirik ki, necə gözəldir. Təbii ki, bu həm də türk ruhunun olmasından irəli gəlir. Mənim "İhsan Doğramacı" mükafatına layiq görülən “Mən eşqimdən ölürəm” adlı şeirim var. Kərkük şivəsi ilə yazılan bu şeirdə Nəsimi, Füzuli, Bəxtiyar Vahabzadədən bəhs etmişəm. Həmin şeirə musiqi də bəstələndi. Bu günə qədər musiqi yazılmış 70 əsərim var. Azərbaycan dili qulağa çox fonetik, xoş gəlir. Ona görə də ədəbiyyat sahəsində münasibətlərimizi daha da inkişaf etdirməliyik. Çünki mədəniyyət, ədəbiyyat bizim uşaqlara, gəncliyə ərməğan edəcəyimiz ən önəmli mirasdır.

- Bakıya ilk səfərinizdir. Paytaxtımızı, insanları necə gördünüz?

- Azərbaycan indiyədək görmədiyim, amma hər zaman sevdiyim yerdir. Bakını çox bəyəndim. Bakı özünəməxsus gözəlliyi, özəlliyi olan şəhərdir. Mətbəxi, musiqisi, turizmi, mədəniyyəti ilə xüsusi bir şəhərdir. İnsanları çox istiqanlı və qonaqpərvərdir. Azərbaycanda dövlət mədəniyyət, ədəbiyyat və musiqinin inkişafı istiqamətində mühüm addımlar atır. Bununla da gələcək nəsillərə qalıcı, qiymətli əsərlərin yaradılmasını təmin edir. Mədəniyyət və Turizm Nazirliyinin, digər ilgili qurumların Azərbaycan mədəniyyətini dünyada tanınmasına xidmət edən fəaliyyətini məmnunluqla izləyir və alqışlayırıq. Biz iki dövlət, bir millətik, mədəniyyətimiz zəngindir. Belə bir zəngin türk mədəniyyətinin parçası olmaqdan qürur duyuram.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 7.