Türk dünyasının mədəniyyət günü

 

Parisdə keçirilən sərgidə Azərbaycan da təmsil olunub

 

Fevralın 11-də Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALKO) Türk dünyasının mədəniyyət günü keçirilib. 2007-ci ildən ənənəvi olaraq təşkil edilən tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla yanaşı, Azərbaycanın Fransadakı səfirliyinin və Parisdəki Azərbaycan evinin dəstəyi ilə ölkəmizin zəngin tarixini və mədəniyyətini əks etdirən sərgi təşkil olunub.

Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və milli mətbəximizə dair kitablar, milli qadın və kişi geyimləri, musiqi alətləri nümayiş olunub. Sərgi iştirakçılarına milli mətbəximizdən şirniyyatlar, qutablar təqdim edilib.

Guşə sərgi iştirakçılarının böyük marağına səbəb olub. İnstitutun tələbəsi İsmayıl Məmmədov qonaqların və həmkarlarının Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı suallarını cavablandırıb.

Tədbir çərçivəsində keçirilən Türk dünyası adlı konfransda institutun müəllimlərindən xanım Katrin Pujol, Mişel Bozdəmir və Kristian Male şanlı tarixə malik türk xalqlarının özlərinə məxsus inkişaf yolundan danışıb, SSRİ-nin süqutundan sonra bir çox türkdilli respublikaların, o cümlədən Azərbaycanın müstəqillik qazandığını, ölkəmizin sürətlə inkişaf etdiyini və Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini diqqətə çatdırıblar.

Mədəniyyət günündə təmsil olunan ölkələrin folklor musiqisi səslənib. İnstitutun tələbəsi Sahib Əsədovun ifa etdiyi Sarı gəlin və digər xalq mahnıları tamaşaçıların böyük rəğbətini qazanıb.

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 16.