Azərbaycan-Özbəkistan mədəni layihələri müzakirə edilib

 

Ölkəmizin Daşkənddəki səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və cəmiyyətin sədr müavini İsrail Şamsimuxammedovla görüşüb. Görüşdə ötən müddət ərzində həyata keçirilən birgə tədbirlər və 2015-ci ildə reallaşdırılacaq layihələrə nəzər salınıb.

“Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllimi olmuş tanınmış şair, dramaturqpedaqoq, hər iki xalqın böyük oğlu Maqsud Şeyxzadənin xatirəsinin əbədiləşdirilməsi sahəsində görüləcək işlər, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Nizami Gəncəvi irsinin təbliği” muzeyinin yaradılması və s. məsələlər müzakirə edilib. AMM-in direktoru Azərbaycanın turizm potensialının təbliği, qurum tərəfindən 2015-ci ildə Naftalan şəhərinə təşkil olunması nəzərdə tutulan müalicə-istirahət infoturuna təşkilati cəhətdən köməklik göstərilməsini diqqətə çatdırıb.

Erkin Nuriddinov təklifləri yüksək qiymətləndirib və bu layihələrin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Görüşdə martın əvvəlində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçiriləcək “Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri mövzusunda elmi simpoziumda azərbaycanlı alimlərin iştirakı da müzakirə olunub.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 15.