Özbəkistan saytında Bəxtiyar Vahabzadə haqqında məqalə

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın podrobno.uz xəbər portalında Xalq şairi Bəxtiyar Vahabzadə haqqında məqalə dərc olunub. Rus dilində hazırlanan “Bəxtiyar Vahabzadənin şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının milli şüurunun formalaşmasına xidmət etmişdir” adlı məqalədə qeyd olunur ki, görkəmli şairin əsərləri Azərbaycanda ədəbi-ictimai fikrin zənginləşməsində, milli poeziya, vətəndaşlıq və müstəqillik ideyaları ruhunun gücləndirilməsində böyük rol oynayıb. Müəllif Azərbaycanda ana dilinin saflığının qorunması, tarixi-mədəni dəyərlərə ehtirammilli vətənpərvərlik ruhunun təbliğində şairin böyük xidmətləri olduğunu qeyd edir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Xalq şairinin yaradıcılığını yüksək qiymətləndirdiyi və bu məqsədlə 2015-ci ildə dahi şairin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığı diqqətə çatdırılır. Məqalə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə ("Azərbaycan ədəbiyyatı" nominasiyası üzrə) təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 12.