Multikultural mühitdə kütləvi kitabxana

 

Məlumdur ki, XXI əsrdə kütləvi kitabxanaların strateji vəzifəsi informasiyanın təqdim edilməsi yox, informasiya ilə davranmaq, onun nizamlanması, istifadəsi, yaradılması və ötürülməsi üsullarının öyrədilməsi olacaq. Əsas ideya ondan ibarətdir ki, kitabxana tədricən bilikləri milli və beynəlxalq miqyasda idarə edən kütləvi təsisata aid müxtəlif funksiyaları reallaşdırmalıdır.

 

Fransız yazıçısı və publisist Erve Bazen XX əsrin sonunda istehsal edilən informasiyanın hədsiz artması problemini vurğulayaraq qeyd edirdi ki, bu problemin öhdəsindən gəlmək insanın gücü çatan deyil. Biliklərin həcmi o qədər artır ki, insan onları tam mənimsəmək imkanından məhrum olur. Biliklərin ümumi icmalı da, onların qiymətləndirilməsi də çətinləşir. İnsanlar universal zəkaların çatışmazlığını mütləq yaddaş - geniş əhatəli kataloq və “informasiya anbarı” yaradılması ilə kompensasiya etməyə çalışırlar. Amma belə yaddaş yalnız passiv xarakteristikalar (rahatlıq, sürət) şəklində üstünlüklərə malikdir.

E.Bazen yazır: “İndi nəinki dahilərin, sadəcə ümumiləşdirmə qabiliyyətinə və təşkilatçılıq istedadına malik insanların çatışmazlığı aydın hiss olunur və onları biz yetişdirməliyik, biz tərbiyə etməliyik”.

Bazenin bu fikri kitabxana işinin mütəxəssislərini çox dəqiq xarakterizə edir. Bu halda kütləvi kitabxana xüsusi mövqeyi ilə fərqlənir: müxtəlif mətnlər “arasında” yerləşən, ayrıca bir elminya oxucuların ayrıca bir qrupunun ehtiyacları ilə bağlı olmayan kütləvi kitabxana mədəniyyətlərarası mövqe tutur. Bu, multikultural mühitdə kitabxana fəlsəfəsini dialoq prinsipləri əsasında, bütövlükdə dialoq fəlsəfəsinin ənənələrinə söykənərək qurmağa imkan verir.

Dialoq özü (təlim, informasiyanın sistemləşdirilməsi, axtarışı və s. əməliyyatlarla yanaşı) biliklərin idarə edilməsi variantlarından biridir - biliyin ilk dəfə yarandığı variantdır. Onu ayrı-ayrı fərdlər arasında dialoq kimi yox, daha geniş prinsip, ümumiyyətlə bilik əldə edilməsi prinsipi kimi izah etmək lazımdır.

Humanist kitabxana işi” (“humanist librarianship”) anlayışının müəllifi Mark Rozensveyq yazır: “Biz kitabxanaçılar bilirik ki, kitablar arasında... indikikeçmiş maraq və interpretasiyaların fasiləsiz dialoqu gedir - onlara xas olandünya ünsiyyəti” prosesində zaman və məkan vasitəsilə vəhdət təşkil edən, təsnif olunmuş və əlçatan dialoq. Bu mənada kitabxana tamın mürəkkəbliyini, müxtəlifliyini, dərinliyini və çoxmənalılığını əhatə etməyə çalışır - amma keçmişdən yığılıb qalmış cansız yük kimi yox, keçmişlə ünsiyyət prosesi kimi, davam edən dinamik proses kimi... Əlbəttə, kitabxana mütəxəssisi həqiqətin arbitri deyil. Çox güman ki, o, dialoqun və interpretasiyanın fasilitatorudur (fasilitator - qrupun uğurlu kommunikasiyasını təmin edən vasitə deməkdir - L.M.)”.

L.M.Batkinin fikrincə, “Mümkün qədər bütünlüklə öz aləminə qapılma, dialoqun nəhayətsizliyi - mədəniyyətə lazım olan budur; istənilən mexaniki reduksiya, daxili mübahisədən qiyabi istisna - bunlar mədəniyyəti həqiqətən cılızlaşdırır”.

Şübhəsiz, bir mədəniyyətə xas olan dəyərlərin başqa mədəniyyət tərəfindən “udulması”, “calaq edilməsi” və ya ancaq qarşılıqlı “öyrənmə” münasibətləri ilə müqayisədə dialoq yanaşması daha səmərəlidir.

Kitabxana bir sosial təsisat kimi mədəniyyətlərin daşıyıcılarının görüş yeri və ən dolğun dialoq mühiti ola bilər.

Bundan əlavə, mütaliə özüdialoq xarakteri daşıyır və qarşılıqlı anlaşma qabiliyyəti və tolerantlıq kimi sosial əhəmiyyətli keyfiyyətlər tərbiyə edilməsinə imkan yaradır. Fransız yazıçısı və ictimai xadim Andre Morua deyirdi: “Biz bəzən mütaliə ilə öz həyatımızın fövqünə qalxmaq və başqalarının həyatını anlamaq məqsədilə məşğul oluruq”.

Rus filosofukulturoloqu Vladimir Bibler məhz kitabla ünsiyyət məharətinin itirilməsini müasir dövrün təhlükələrindən biri hesab edirdi: “...Fəlsəfi təfəkkür üçün son dərəcə zəruri olan kitab mədəniyyətinin hökmranlığı adlandırıla biləcək vəziyyətin tədricən aradan qalxması açıq-aydın görünür. Kitab mədəniyyəti olmayan yerdə fasiləsiz hərəkətdə mənim özümdən uzaqlaşdırdığım, birinci səhifəsinə baxa bildiyim, davamına baxa bildiyim, yenidən başlanğıcına qayıda bildiyim kitab yox olur. Kitab mədəniyyəti uşağın, yeniyetmənin inkişafı üçün, onun fikrinin hərəkətinin başlanğıcı kimi əhəmiyyətini itirməkdədir”.

Məhz bu səbəbdən humanitar tədqiqatçılar xəbərdarlıq edirlər ki, “rəqəmsal gələcək” ərəfəsində biliklərin yayılmasının bir formasının inhisarçılığı şəraitində insanın idrak imkanları məhdudlaşacaqdır. Yalnız müxtəlif idrak rejimlərinə, mədəniyyətin fərdi qaydada mənimsənilməsinin müxtəlif tiplərinə, o cümlədən kitaba ehtiyacın “zəifləməsi” və yenilənən informasiya axınının “sürətlənməsi” rejimlərinə uyğunlaşmaq perspektivli ola bilər. Bu fikirlərin başqa insanlara çatdırılması həmin insanlarda media savadı və informasiya savadı (information literacy) tərbiyə edilməsi deməkdir və müasir kitabxana məhz bununla məşğuldur.

Bu, mədəniyyətə münasibətin prinsipcə dəyişməsi deməkdir. Kitabxanaların köməyi ilə mədəniyyət aləminə daxil olmaq savadlılıq, ünsiyyət əlaqələri, biliklərə yiyələnmək əsasında insanın şəxsi məqsədlərinə və kollektivlərin ümumi məqsədlərinə nail olmağa kömək etməlidir.

Andre Malro 1936-cı ildə bir nitqində deyirdi: “Kolleksiyalarekspozisiyalar yalnız olub-keçənlərin vitrini kimi deyil, həm də yeni təfəkkürün başlanğıc nöqtəsi kimi xidmət edə bilər. Mədəniyyət sanki gözoxşayan bir zireh kimi yaradıcılıq resurslarını bürüyür, ölkənin unikallığı və bənzərsizliyi mədəniyyətdə təzahür edir, onun sakinlərinin üstünlük verdiyi dəyərlər mədəniyyətdə əks olunur”.

Malro həmin nitqində daha sonra deyir: “Mədəni irs - sitayiş tələb edən əsərlərin məcmusu yox, salamat qalmağa kömək edən qüvvədir. Mədəni irs - bizim suallarımıza cavab verən səslərin xorudur. Humanist irsi dəstəkləmək bizim müqəddəs vəzifəmizdir və əlbəttə, bu işi bir layihə çərçivəsində görmək mümkün olmayacaq. Amma mədəniyyət həm biliklərin yayılması ehtiyacına, həm də seçim etmək tələbatına cavab verir... Çünki artıq beş yüz ildir ki, Qərbin mədəniyyət adlandırdığı dəyər, hər şeydən əvvəl, seçim imkanıdır...

Hər bir sivilizasiyanın keçmişə münasibətini mədəni ənənə qarşısındakı rəssamın vəziyyəti ilə müqayisə etmək olar: muzeydə və ya kitab rəfində qoyulmuş buya digər görkəmli sənət əsəri rəssamın şəxsi yaradıcılıq niyyətlərini həyata keçirməyə nə dərəcədə kömək edirsə, həmin sənət əsəri rəssamın diqqətini eyni dərəcədə cəlb edir... Hər bir sivilizasiya intibaha oxşayır: o, keçmişin materialından öz irsini yaradır və bu irs onun öz taleyindən yüksəyə ucalmasına kömək edir”.

Təhsil müəssisələrinin və mədəniyyət, əlavə təhsil və sair müəssisələrin qarşılıqlı münasibətləri mütləq dəyişəcək. Bəzi hallarda bu dəyişiklik açıq-aşkar görünürdü: məsələn, işgüzar treninqlərə və konsaltinq xidmətlərinə marağın hədsiz artdığı dövrdə insanlar həqiqi (onlara lazım olan) təhsili onların “əsas” peşə təhsili almalı olduqları yerdə yox, məhz bu təsisatlar vasitəsilə alırdılar. Müxtəlif bilik aktivləri ilə qarşılıqlı fəaliyyətdə olmaq, bilikləri idarə etmək modeli kimi kitabxananın bütün imkanlarını reallaşdırmaq qabiliyyəti yalnız onun özündən asılıdır. A.Morua yazırdı: “Kitabxana - məktəbin və ya universitetin zəruri əlavəsidir. Üstəlik, təhsil - yalnız kitabxananın qapılarını açan açardır”.

Məşhur yazıçı C.Faulz vurğulayır: “Biz bərabərliyə nə qədər çox ehtiyac duyuruqsa, təhsilə də bir o qədər çox ehtiyac duyuruq; bizdə kommunikasiya vasitələri nə qədər çox olsa, bu ehtiyacı bir o qədər kəskin hiss edirik; bizim asudə vaxtımız nə qədər çox olsa, ondan necə istifadə etməyi öyrənmək arzumuz bir o qədər güclü olur”. Bu mənada kitabxana bir-biri ilə sıx qarşılıqlı əlaqəli olan mədəniyyət və bilikləri idarəetmə amilləri sırasına daxildireyni zamanda onlardan biridir. Bəzi kitabxanalar öz fəaliyyət sahəsini və müstəqil işləmək potensialını son dərəcə geniş ifadə edir.

Sosial, iqtisadi dəyişikliklərin və ətraf mühitdə baş verən dəyişikliklərin çağırışlarını qarşılamaq”, “cəmiyyətin böhranlı problemləri”ni həll etmək üzərində işləyən, “informasiya və ideyaların sərbəst axını üçün cavabdeh olan proaktiv (müstəqil) peşəkarlar” - Amerika Kitabxanalar Assosiasiyası (ALA) öz mütəxəssislərini belə adlandırır. Ohayo ştatının Kitabxanalar Şurası kitabxana marketinqində bir sıra addımlar təklif edir. Bu addımlar arasında kitabxanaların strateji mövqeyi haqqında bəyanatlar da var: onlar özləri “informasiya uçurumu” (“rəqəmsal uçurum” - müasir kommunikasiya kanallarına giriş ərazilərinin bir-birindən kəskin fərqlənməsi) üzərindən salınmış körpülərdən biridir. Kitabxanalar insanların bilik qazanmaq hüququnu müdafiə edir, onları ideyalarinformasiya vasitəsilə birləşdirir, qrupların və lokal birliklərin identikliyinin formalaşmasına imkan yaradır.

Lakin kitabxanaların bu cür fəaliyyətinin ən uzunmüddətli və ən dəyərli nəticəsi - biliklər istehsalının artıq təşəkkül tapmış akademik modelindən əlavə müxtəlif modelləridir. Burada, bir tərəfdən, kitabxana mütəxəssislərinin tədqiqat və yaradıcılıq fəallığı, digər tərəfdən - maraq dairələri çox müxtəlif olan nəzəriyyəçi və praktiklərin fənlərarası axtarışları qovuşur. V.Yankeleviçin təbirincə desək, “bu model problemlərin cavablarla təchiz edilməsinə və həllinə yox, yeni məsələlərin və yeni problemlərin qoyuluşuna yönəldilmişdir” (kütləvi kitabxana oxuculara münasibətdə əks vəzifəni yerinə yetirir - sualların cavablarını və problemlərin həllini axtarır).

Kitabxanalar: (1) fasiləsiz dialoq, (2) intertekstuallıq, (3) insanların hər gün dəyişən ehtiyacları ilə canlı əlaqə vəziyyətində olduqda, onlar bərpa edilən və hətta artan ictimai resursun - kreativliyin toplanması və yayılması üçün optimal məkana çevrilir.

ABŞ-da çalışan kitabxanaçılardan biri öz peşəsi haqqında deyir: “Bütün kitabxanaçılar, xüsusən mənim həmkarlarım dünyada ən istedadlı insanlardırlar. Onlar dözümlü, savadlı, mehriban, kreativ, çevik, çalışqan və inadkar insanlardır. Mən də bu birliyin üzvü olduğuma görə özümü xoşbəxt hesab edirəm”.

Burada son dərəcə əhəmiyyətli bir məqam da var ki, kitabxana işi sahəsində və bütövlükdə mədəniyyət sahəsində peşəkarların yaradıcı funksiyası ayrı-ayrı tədbirlərlə, xüsusilə lokal yeniliklər və ya üsulları ilə məhdudlaşmır. X.Yoas deyir: “Buya digər problemin həlli üçün yaradıcı şəkildə hazırlanmış tədbirlər şüurda qalmır, onlar özləri yeni fəaliyyət üsuluna - yeni “vərdiş”ə (habit) çevrilir”.

C.Buşmen yazır: “Bizim hamımıza xatırlatmaq lazımdır ki, yaxşı təhsilin dəyərini və nəticələrini ölçmək çətin olduğu kimi, kitabxanaların da işinin dəyərini və nəticələrini ölçmək çox çətindir. Bu nəticələr çox dəyərli olsalar da, uzun illər boyu gözə görünməyə bilər... Məlumatlı, müstəqil təfəkkür imkanı demokratiyanın və təhsilin mahiyyəti kimi qalır və kitabxanalar burada mərkəzi rol oynayır”.

 

Lətifə Məmmədova,

dosent, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 11.