Rusiyada yaşayan soydaşımız Bakıda növbəti sərgisinə hazırlaşır

 

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində yaşayan soydaşımız, tanınmış rəssam Bayram Salamov 1965-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Bir müddət Şəki rayon Mədəniyyət evindəki xalq teatrında rəssam işləyib.

1990-cı ildən Rusiyada yaşayır və yaradıcılıqla məşğuldur. Rusiya Rəssamlar İttifaqının üzvüdür. Fransada (Paris), Almaniyada (Hamburq, Volfsburq), Kiprdə (Limasol), eləcə də Rusiyanın Moskva, Çelyabinsk, Samara, Tolyatti şəhərlərində fərdi sərgiləri keçirilib.

2001-ci ildə Tolyatti Rəsm Qalereyasının keçirdiyi yarışmada “Musiqiçi ailəsi” əsərinə görə “Qran-pri” mükafatına layiq görülüb. 2010-cu ildə özünün "Bayramın art-qalereyası" adlı studiyasını açıb. Soydaşımız həm də gənc rəssamların istedadlarının üzə çıxarılmasına yardımçı olur.

Bayram Salamovun əsərlərinə Rusiya, İspaniya, İngiltərə, Almaniya, Kipr, Çexiya, İtaliyaKanadada bir çox özəl kolleksiyalarda rast gəlmək olar. Onun yaradıcılığında Şərq motivləri ayrıca yer tutur. Müxtəlif janrlarda çəkdiyi əsərlər insanda gözəl duyğular yaradır, tamaşaçını dərin düşüncələrə aparır. Rəssamın əsərlərindəki həyat sanki canlıdır. O, tamaşaçı ilə danışmağı bacarır, boyaların əlvanlığı insanı öz cazibəsinə salır.

Vətəndən uzaqda yaşamasına baxmayaraq, Bayram Salamovun rəsmlərində yurdumuzun doğma rəngləri, obrazları aydın görünür. Rəssamın tablolarında qızılgüllər, yasəmənlər elə canlıdırlar ki, az qala çiçəklərin qoxusu duyulur.

Rəssam Vətəni ilə də yaradıcı əlaqələrini kəsmir. Ötən ilin noyabrında Bakıdakı “1969 qalereyası”nda fərdi sərgisi keçirilib. Bu ilin martında rəssam yenidən fərdi sərgi ilə paytaxt sənətsevərlərinin görüşünə gələcək.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 8.