"Azərbaycanla mədəni əməkdaşlıqda maraqlıyıq"

 

Mikael Erikson: Bunun üçün biz çoxlu qarşılıqlı səfərlər etməli, öz mədəniyyətimizi, eləcə də sənət adamlarımızı bir-birimizə tanıtmalıyıq

 

İsveç Şimali Avropada, Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiya dövlətidir. İsveç Krallığının orta əsrlərdən başlanan böyük dövlətçilik tarixi var. Dövrünün güclü dövlətlərindən olan İsveç XVII-XVIII əsrlərdə bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə müharibələrdə olub. İsveçin iştirak etdiyi sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri bu ölkə bütün müharibələrdə neytral mövqe tutur.

 

Azərbaycanın İsveçlə əlaqələrinin tarixi kökləri hələ Ağqoyunlu, Səfəvilər dövrünə gedib çıxır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qarşılıqlı əlaqələr sistemli xarakter alıb. İsveç Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 16-da tanıyıb, diplomatik münasibətlər həmin il mayın 8-də qurulub. 1998-ci ilin fevralında İsveçin Bakıda fəxri konsulluğu açılıb. Azərbaycanın İsveçdə səfirliyi 2008-ci ilin yanvarında fəaliyyətə başlayıb.

İsveç Krallığının Azərbaycandakı səfiri (iqamətgahı Stokholmda olmaqla) Mikael Eriksonla müsahibəmizdə ölkələrimiz arasında əlaqələrin bir sıra məqamlarına nəzər saldıq.

 

- Cənab səfir, Azərbaycana səfir təyinatı xəbərini necə qarşıladınız?

- Əvvəlcə onu deyim ki, mən İsveçi Azərbaycan kimi bir ölkədə təmsil etməyimdən qürur hissi duyuram. Ölkənizə səfir təyinatı xəbəri məni məmnun etdi.

Bu vəzifəyə 2011-ci ildə təyin olunmuşam və iqamətgahım burada olmasa da, Azərbaycana tez-tez səfərlər edirəm. Bu səfərlər mənim üçün həm də faydalı təcrübə olub.

- Buraya gələnə qədər ölkəmiz haqqında hansı məlumata malik idiniz?

- Səfir təyinatıma qədər Azərbaycan, xüsusilə də Nobel qardaşlarının Bakıdakı fəaliyyətləri haqqında bir qədər məlumatım var idi. Lakin etiraf etməliyəm ki, müasir Azərbaycan haqqında məlumatım məhdud idi. Bakıya gəldikdən sonra ölkəniz haqqında təəssüratlarım daha çox zənginləşdi.

- Azərbaycanda fəaliyyətinizin əsas prioritetləri nədən ibarətdir?

- Bakıda səfirliyin açılması qərarı verilərkən qarşıya iki prioritet məsələ qoyulmuşdu. Birincisi, İsveçlə Azərbaycan arasında bütün sahələrdə, xüsusilə də ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsi. İkincisi, qarşılıqlı inametibar prinsipinə söykənən siyasi əlaqələrin qurulması və bu sahədə əməkdaşlığın genişləndirilməsi, yəni təhlükəsizlik məsələsindən insan haqları, demokratiya sahəsində dialoqa qədər bir çox sahələrdə əməkdaşlıq. Bu sırada, əlbəttə ki, mədəni əməkdaşlıq da önəmli yer tutur.

- Elə isə mövcud münasibətləri necə dəyərləndirirsiniz və sizcə, iki ölkənin hansı sahələrdə daha çox əməkdaşlıq imkanları var?

- Hesab edirəm ki, biz hələ münasibətlərin genişləndirilməsinin ilkin mərhələsindəyik. Xüsusilə kommersiya sahəsində əlaqələr inkişaf etməkdədir. Hər iki tərəf davamlı və bərpa olunan enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Bundan başqa, İsveç telekommunikasiya sahəsində Azərbaycanda böyük üstünlüyə malikdirbiz bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektiv görürük. Həmçinin təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdik. Ümumiyyətlə, qarşılıqlı marağın olduğu istənilən sahədə əməkdaşlıq edə bilərik. Son bir neçə ildə ikitərəfli əlaqələrin canlandırılmasını görürükbu xüsusilə də Bakıda səfirliyimiz açılandan sonra nəzərə çarpır. Bu amilin özü də əlaqələrimizin sonrakı inkişafı üçün bizə böyük imkanlar yaradır.

- Cənab səfir, Ermənistanın Azərbaycana ərazi iddiaları zəminində meydana gələn Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir. İsveçin bu münaqişə ilə bağlı mövqeyi necədir?

- Təəssüf ki, bu münaqişə uzun müddətdir davam edir. Biz ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar prosesini dəstəkləyirik. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Bu bizim əsas prioritetimizdir. İsveç fərdi qaydada da Minsk qrupunun apardığı danışıqlar prosesi çərçivəsində sülh istiqamətində istənilən əməkdaşlıqda iştirak edə bilər. Təbii ki, bu məsələdə Azərbaycan hökuməti bizə hansı sahələrdə İsveçin yardım edə biləcəyini deyə və ya istiqamət göstərə bilər. Məsələn, hər iki ölkənin xalqları arasında qarşılıqlı inam və etibarın formalaşdırılması, yaxud münaqişənin ən acı nəticələrindən olan məcburi köçkünlər məsələsində köməklik göstərilməsi və s.

- Mədəni əlaqələrimizin səviyyəsi barədə nə deyə bilərsiniz?

- Mədəniyyətin müəyyən sahələrində müvəffəqiyyətli əməkdaşlıq mövcuddur. Xüsusilə də musiqi nöqteyi-nəzərindən yanaşsaq, məsələn, Eurovision musiqi yarışması zamanı əməkdaşlığımızı qeyd edə bilərik. Lakin düşünürəm ki, mədəni mübadilə sahəsində daha çox işlər görülə bilər. Bunun üçün biz çoxlu qarşılıqlı səfərlər etməli, öz mədəniyyətimizi, eləcə də sənət adamlarımızı bir-birimizə tanıtmalıyıq. Biz də səfirlik olaraq mədəni əməkdaşlıqda maraqlıyıq. Məsələn, artıq üç ildir ki, Bakıda keçirilən Avropa film festivalında iştirak edirik. Simon və palıd ağacı filmi Park Cinema mərkəzində nümayiş olunub. Ümid edirik ki, tamaşaçılar bu filmi bəyənib. Gələcəkdə isə daha konkret mədəni tədbirlərin üzərində işləməyi planlaşdırmışıq. Mədəniyyət geniş mənada başa düşülməlidir, film, musiqi, teatr, ədəbiyyat və folklor kimi çoxlu sahələri əhatə etməlidir. Bu baxımdan biz bütün sahələrdə imkanlar axtarır, araşdırırıq.

- İki ölkə arasında turizm sahəsində əməkdaşlığın gələcək perspektivlərini necə dəyərləndirmək olar?

- Turizm önəmli bir sahədir. Bu elə bir istiqamətdir ki, burada əlaqələrimizin inkişafı üçün dəqiq potensial mövcuddur. Bu əlaqələrin genişləndirilməsi üçün resurslar lazımdır, xüsusilə də hotellər sahəsində. Bakıda çox möhtəşəm beşulduzlu hotellər tikilib. İsveçlilər səyahət etməyi xoşlayırlar, lakin daha münasib qiymətlərə, az xərc tələb edən səfərlərə üstünlük verirlər. Hesab edirəm ki, Azərbaycanda xarici turistlər üçün az xərc tələb edən turizm sahəsinin də inkişaf etdirilməsi daha yaxşı olardı.

- Azərbaycana səfərləriniz ölkəmiz, insanlarımız haqqında sizdə necə təəssürat yaradıb?

- Mənə görə ən əhəmiyyətli aspektlər Azərbaycan xalqının yüksək alicənablığı və qonaqpərvərliyidir. Bilirsiniz, əslində, hazırkı missiyamla əlaqədar (iqamətgahımın Azərbaycanda olmaması) Bakıda zəngin mədəniyyətdən zövq almaq imkanlarım məhdudlaşıb. Əlbəttə, nə vaxtsa Bakıda konsert və sərgilərə getmək imkanım olacaq. Mən Azərbaycan tarixini öyrənməkdən və ədəbiyyatınızı oxumaqdan zövq alıram. İlk belə təcrübəm isə "Əli və Nino"nu oxumaq olub. Bu kitab daha çox öyrənmək istəyən və Azərbaycan cəmiyyətini başa düşmək arzusunda olan insanlar üçün son dərəcə zəngin mənbədir. Bundan başqa, Azərbaycanda gördüyüm ən çox maraqlı yerlərdən biri Qobustandır. Buradakı qayaüstü yazı və rəsmlər İsveçdəki qədim yazılara bənzəyir.

- Boş vaxtlarınızı necə keçirirsiniz? Azərbaycan mətbəxini bəyənirsinizmi?

- İmkanım çatan qədər ailəmlə daha çox vaxt keçirməyə çalışıram. Mən həmçinin istər qışda, istərsə də yayda idman etməkdən zövq alıram. Sizin yeməkləri çox bəyənirəm. Xüsusilə də təzə göyərti, ət və balıq yeməklərini.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 19 fevral.- S. 7.