ADMİU Beynəlxalq Muğam Festivalına hazırlaşır

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mart ayında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə gerçəkləşəcək IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş silsilə tədbirlər təşkil olunur. Bu qəbildən Muğamşünaslığın aktual problemləri mövzusunda iki seminar keçirilib.

 

Fevralın ikinci həftəsindən universitetdə ustad dərsləri və yaradıcılıq işlərinə start verilib. Yeddi əsas milli muğam dəsgahı hər həftə ADMİU-nun müəllimləri və tələbələrinin ifasında muğamsevərlərə təqdim ediləcək. Silsilə tədbirlər Rast dəsgahı ilə başlanıb.

Əvvəlcə muğam sənəti kafedrasının müdiri, Xalq artisti, professor Canəli Əkbərov Rast dəsgahı haqqında tarixi və nəzəri baxımdan qısa məlumat verib. Sonra əməkdar artistlər Bəsti Sevdiyeva, Zakir Əliyev və muğam sənəti və xalq çalğı alətləri ifaçılığı kafedralarının tələbələri Rast dəsgahını ifa ediblər. ADMİU-nun müəllimləri - xalq artistləri Zamiq Əliyev, Gülyanaq Məmmədova, Ağasəlim Abdullayev gənc xanəndələrin ifasını yüksək qiymətləndiriblər.

Növbəti həftələrdə xalq artistləri Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Simarə İmanova, əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və tələbələrinin çıxışları nəzərdə tutulub.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 6.