İn ilə Yan arasında

 

Vəcihə Səmədova adına sərgi salonunda Afaq Hüseynovanın İn ilə Yan arasında adlı sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Yaradıcı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə reallaşan sərgi müəllifin 60 illiyinə həsr edilib.

Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları Afaq Hüseynovanın yaradıcılığından söhbət açıblar. Qeyd olunub ki, rəssam qrafika, rəngkarlıq, tətbiqi sənət, heykəltəraşlıq janrlarında əsərlər yaradıb. 10-dan çox fərdi sərgisi olub.

Əsərləri ABŞ, Fransa, Rusiya, İngiltərə, Almaniya, Türkiyə və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Sərgidə Nar, Rəqs adlı keramika seriyaları, miniatürlər, instalyasiyalar, batika nümunələri yer alıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru A.Hüseynova 1999-cu ildən Azərbaycan Yaradıcı Qadınlar Assosiasiyasının prezidentidir.

O, Bakı Xoreoqrafiya Məktəbinin (indiki Bakı Xoreoqrafiya Akademiyası) məzunudur, özünün ilk sənətini unutmur. Almaniyanın Xalq Universitetləri Birliyi nəzdindəki Beynəlxalq Əməkdaşlıq İnstitutunda dərs deyib, hazırda 3 nömrəli uşaq evində təlim aparır. 2008-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində Fire müasir rəqs qrupuna rəhbərlik edir.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 6.