Xalq rəssamı Davud Kazımov vəfat edib

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Davud Kazımov 2015-ci il fevral ayının 14-də, ömrünün 89-cu ilində vəfat etmişdir.

Davud Mehti oğlu Kazımov 9 noyabr 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. İlk ixtisas təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində (1941-1945) almışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmişdir. 1947-ci ildən 1966-cı ilədək həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1946-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 1984-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmiş, 1994-cü ildən həmin universitetin dosenti, 1996-cı ildən isə professoru olmuşdur. 2001-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.

Pedaqoji fəaliyyəti ilə yanaşı, fəal yaradıcılıq proseslərinə qoşulması, dövrünün hadisələrinə əsl ziyalı mövqeyindən yanaşması ilə də Davud Kazımov sənətsevərlərin arasında dərin hörmət qazanmışdır.

O, sərbəst yaradıcılıq fəaliyyətinə İkinci Dünya müharibəsindən sonrakı dövrdə başlamışdır. Bu vaxt bir çox rəssamların, o cümlədən də Davud Kazımovun yaradıcılığında müharibə qəhrəmanlarının bədii obrazlarının yaradılması əsas yer tuturdu. Davud Kazımov ilk dəfə ictimaiyyətin diqqətini Əsgərin qarşılanması adlı əsəri ilə özünə cəlb etmişdir. Daha sonra onun yaradıcılığında müharibədən sonrakı dövrün dinc quruculuğuna həsr olunmuş mövzulara müraciət genişlənir. Konsert-tapmaca (1953), Çimərlikdə (1954), Uşaq konsultasiyası (1955) kimi əsərlərində Davud Kazımov uşaqlara aid olan mövzulara toxunan rəssam kimi çıxış edir. Onun əsərlərində səmimiyyət, uşaq məsumluğu, onları əhatə edən qayğıkeşlik bacarıqla verilmişdir. Bu əsərlər səmimiliyi ilə yanaşı, əhval-ruhiyyənin təzəliyi, hisslərin təmizliyi ilə də yadda qalmışdır. Davud Kazımov öz dövrünün insanlarını, onların əhval-ruhiyyəsini, psixoloji durumunu açıqlayan portret əsərlərinin də müəllifidir. Bu əsərlər rəssamın portret ustası kimi dəqiqliyini, dərin müşahidə qabiliyyətini, obrazların konkret xüsusiyyətlərini çatdırmaq istedadını əks etdirir. Mənzərə janrı ilə yanaşı, o həm də natürmort janrının əsl ustası kimi tanınmışdır. Forma və məzmunun vəhdəti, realist üslubu, özünəməxsus rəng yaxıları, plastik həllərin düzgünlüyü, ölçülü kompozisiya tərtibatı Davud Kazımovun yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqının bədii fondu, Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Ölkəmizdə müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Davud Kazımovun böyük xidmətləri vardır. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr etmişdir.

Davud Kazımovun yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. 1978-ci ildə Azərbaycanın Əməkdar rəssamı, 1992-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın ifadəsidir.

Görkəmli sənətkar, əsl ziyalı və qayğıkeş insan Davud Mehti oğlu Kazımovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və kollektivi müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Davud Kazımovun vəfatı ilə əlaqədar başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 4.